ADU-da 20 yanvar şəhidi anılıb

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) 20 yanvar şəhidi Ülvi Bünyadzadənin doğum günü ilə əlaqədar tədbir keçirilib. SİA-nın xəbərinə görə, universitetdə yerləşən Ülvi Bünyadzadə muzey-lektoriyasının qarşısında keçirilən tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev onun 21 yaşında şəhid olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyi məhz Ülvi kimi Vətənini sevən insanların qanı bahasına qazanılıb. Ülvini gələcəyin məşhur şairi, rəssamı, alimi kimi xarakterizə edən Tərbiyə işləri üzrə prorektor hər il Ülvinin ad gününü qeyd etdiklərini deyib: "Hörmətli rektorumuz Səməd Seyidov Ülvinin xatirəsini onun oxuduğu ali məktəbdə (ADU-da) əbədiləşdirmək üçün, onun təbliği üçün muzey-lektoriyanın yaradılmasına göstəriş verib. Mən tövsiyə edərdim ki, tarix dərsləri məhz bu muzey-lektoriyada keçirilsin və tələbələrimiz onun qəhrəmanlığından ibrət dərsi götürsün".

Tədbir iştirakçıları daha sonra şəhidlər haqqında qısa sənədli filmə tamaşa ediblər. Sonda Ələddin Əliyev Ülvinin atası Yusif Bağırzadənin üzrlü səbəbdən tədbirdə iştirak etmədiyini deyərək onun adından oğlunun xatirəsini əziz tutduqlarına görə universitet rəhbərliyinə, müəllim-tələbə kollektivinə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə