\"Xural\" qəzetinin əməkdaşını nə gözləyir?

\"Xural\" qəzetinin əməkdaşını nə gözləyir?
Sentyabrın 7-də Lənkəran rayon Kərgəlan kənd sakini \"Xural\" qəzetinin cənub bölgə üzrə müxbiri Aydın Canıyev sərxoş vəziyyətdə rayonun Səpnəkəran kəndində yaşayan Gülüş Xəlilovanı təhqir edərək nəlayiq sözlər işlədib. SİA-nın məlumatına görə, bu məsələ ilə bağlı bu gün mətbuat konfransı keçirilib.


Konfransda iştirak edən Səpnəkəran kənd \"Sahib Əzzaman\" məscidinin dini rəhbəri Mirbaba Tahirov vurğulayıb ki, sərxoş vəziyyətdə məscidə gələn Aydın Canıyev bütün şüşələri sındıraraq onun ünvanına da nəlayiq sözlər işlədib. O həmçinin bildirib ki, jurnalist müəyyən məbləğdə pul da istəyib.


Vəkil Ağakişi Nağıyev isə zərərçəkənin müdafiəçisi kimi çıxış edərək bildirib ki, A. Canıyevin hərəkətlərində həqiqətən xuliqanlıq cinayətinin tərkibi var: \"O, jurnalist olsa da onun törətdiyi cinayət əməli peşə fəaliyyəti ilə bağlı deyil. Hər bir jurnalist peşəsinə hörmətlə yanaşmalı, yazılarında cəmiyyətdə gedən prosesləri obyektiv işıqlandırmalıdır\".


Lənkəran şəhər "Cümə" məscidinin axundu Hacı Sədi Axundzadə deyib ki, cənub bölgəsi dini qaydalar və ibadət yerlərinə münasibətə görə həmişə fərqlənib. Bu bölgədə məscid ərazisində kənar hərəkətlər etmək, söyüş söymək kimi hadisələr heç zaman baş verməyib: "Bizi maraqlandıran məsələnin mənəvi tərəfidir. Bu məqam məni daha çox narahat edir. İnanıram ki, ölkəmizdə insanlar belə halların qarşısını almaq üçün əllərindən gələni edəcəklər".


Məlumat üçün bildirək ki, Aydın Canıyev istintaq zamanı tutulduğu andan müdafiəçi ilə təmin olunub, lakin jurnalist olduğu və öz hüquqlarını müdafiə edə biləcəyinə görə bu güzəştdən imtina edib.


Qeyd edək ki, jurnalistin törətdiyi əmələ görə haqqında cinayət məcəlləsinin 221.2.2-ci maddəsi ilə Lənkəran ŞRPŞ-nin istintaq bölməsi tərəfindən cinayət işi açılıb.




Bütün xəbərlər Facebook səhifəmizdə