Azerfon şirkəti şəbəkənin müasirləşdirilməsinə investisiyalarını artırır

Azerfon şirkəti şəbəkənin müasirləşdirilməsinə investisiyalarını artırır

Azerfon şirkəti şəbəkənin müasirləşdirilməsi və xidmət keyfiyyətinin qaldırılması üçün Bank Standard-la əməkdaşlıq çərçivəsində əlavə 15 mln. manat vəsait cəlb edir.


SİA-nın verdiyi məlumata görə, Azerfon şirkəti ilə Bank Standard arasında əldə olunan razılaşmaya əsasən 2011-ci ilin iyul ayından etibarən 15 mln. manat məbləğində vəsaitin ayrılması məqsədi ilə veksel satışı elan edilmişdir.


Veksel satışından əldə edilən vəsait mobil operator tərəfindən qısa müddət ərzində yeni texnologiyaların tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi və şəbəkə əhatəsinin gücləndirilməsi üçün istifadə olunacaqdır. Müqaviləyə əsasən veksellərin hazırlanması və satışı ilə bağlı bütün işləri, o cümlədən, potensial investorların cəlb edilməsi Bank Standard tərəfindən həyata keçirilir.

"2011-ci il Azerfon abunəçiləri üçün böyük dəyişikliklər ili olacaq. Azərbaycanın ən böyük özəl banklarından olan Bank Standardla həyata keçirdiyimiz veksel proqramı ilk növbədə 3G şəbəkəsinin qısa müddətdə gücləndirilməsinə yönəlib. Hazırda mobil rabitə bazarı artıq doymuş vəziyyətdədir, əhalinin 100%-i mobil telefondan istifadə edir. Lakin, data xidmətlərinin istifadəsinin artımında böyük potensial var və biz də ilk 3G operator olaraq əhaliyə 3G xidmətlərinin çeşidini çoxaltmaq, 3G şəbəkəsini gücləndirmək məqsədi ilə investisiyalarımızı artırırıq. İki ay əvvəl Nokia Siemens Network (NSN) şirkəti ilə şəbəkəmizin genişləndirilməsi və modernizasiyası üçün 65mln. ABŞ dolları məbləğində müqavilə imzaladıq. Bank Standard vasitəsi ilə həyata keçirəcəyimiz növbəti yatırım qısa müddət ərzində şəbəkə əhatəmiz və xidmət keyfiyyətinin artmasına səbəb olacaqdır" deyə, Azerfon şirkətinin Baş İcraçı Direktoru cənab Yurgen Pitz qeyd etmişdir.


Öz növbəsində Bank Standard İdarə Heyəti Sədrinin 1-ci Müavini cənab Cavid Quliyev bunları bildirmişdir: "Azərbaycan bank sektorunun liderlərindən biri Bank Standard Azerfon şirkətinin maliyyə tərəfdaşı kimi vəsaitlərin cəlb olunmasını təşkil edir. Apardığımız araşdırma onu göstərir ki, Azerfon şirkəti sürətli inkişaf templərinə görə sərmayəçilərin böyük marağını cəlb etməkdədir. Bu sahədə olan tərcrübəmizi, habelə Azerfonun maliyyə qurumları və geniş ictimaiyyət arasında olan etibar və nüfuzunu nəzərə alaraq əminik ki, Azerfon şirkəti ilə hazırladığımız veksel proqramı çərçivəsində lazım olan vəsait qısa müddət ərzində tam şəkildə cəlb olunacaq. Bank Standard üçün bu layihə ölkənin ən böyük və aparıcı şirkətləri ilə qurduğumuz uğurlu maliyyə tərəfdaşlığının daha bir önəmli nümunəsi kimi ön plana çıxır."


Şirkət haqqında:

Azerfon MMC öz kommersiya fəaliyyətinə 27 Mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlamışdır. Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni irsinin müasir həyatla bağlılıq rəmzi kimi seçilmişdir. Azerfon Azərbaycan mobil rabitə bazarının ən dinamik və yenilikçi mobil rabitə operatorudur. Azerfon Azərbaycanda ilk dəfə olaraq Nar Mobile vasitəsilə bütün rabitə xitmətlərində manatla tarifikasıyanı təqdim etmiş, və 2009-cu ildə Azərbaycanın ilk 3G opartoru kimi 3G texnologiyası əsasında xidmət və məhsullar təqdim etmişdir. Vodafone ilə strateji tərəfdaşlıq imzalamaqla, Azerfon sürətli genişzolaqlı mobil rabitə və ən qabaqcıl rominq xidmətlərilə tanınan ikinci Azerfon-Vodafone ticarət nişanının bazara təqdim etdi.

AZERFON şəbəkəsi Azərbaycan Respublikasının ərazisinin 80% əhatə edir. Bu günədək AZERFON şəbəkəsindən 1,7 milliona qədər abunəçi istifadə etmişdir. www.azerfon.az


Şirkət haqqında:

"Bank Standard" kommersiya bankı 1995-ci ildə təsis edilib. Hazırda 15 filial və şöbəsilə paytaxt Bakı və regionlarda (Gəncə, Quba, Lənkəran) fəaliyyət göstərir. Aktivlərin ümumi həcmi, habelə digər həlledici göstəricilərə görə "Bank Standard" ölkənin ən böyük özəl banklarından biri sayılır.


Son bir neçə il ərzində öz inkişaf konsepsiyasını mühüm ölçüdə təkmilləşdirən Bank Standard hazırda Azərbaycanın maliyyə bazarında özünəməxsus yer tutur. Universal kommersiya bankı olaraq Bank Standard həm fiziki şəxslərlə, həm də korporativ müştərilərə hər növ maliyyə xidmətlərini yüksək səviyyədə göstərməkdədir. Bank Standard haqqında daha ətraflı məlumatı www.bankstandard.com saytında əldə etmək olar.


Bütün xəbərlər Facebook səhifəmizdə