Dünyanın bütün ölkələrində balın 1 kiloqramı 3-4 dollardır. MDB ölkələrində isə 1 kiloqram balın qiyməti 8 manatdır. Amma bizdə balın baha olmasının başlıca səbəbi qiymətləri süni şəkildə artıran işbazların qarşısını alanın olmamasıdır. Bunu SİA-ya açıqlamasında Kənd Təsərrüfatı nazirliyinin şöbə müdiri Çingiz Fərəcov bildirib: "Bütün dünyada bizə gülürlər ki, bal Azərbaycanda bahadır. Biz xarici ölkələrdən bal gətirəcəyik ki, bunlar balının qiymətini aşağı salsınlar. Çünki bu insanların öz xalqına yazığı gəlmir. 30-40 manata bal ola bilməz. Ona görə də 15 manatlıq bal çox normal standart qiymətdir".
Şöbə müdiri bildirdi ki, balın sərgi-satış yarmarkarkasını keçirməkdə əsas məqsəd təkcə balın satışı deyil, həmin satıcıların bal satışı haqqında biliyə malik olmamasıdır. Məhz bununla əlaqədar biz türkiyəli qonaqlarla birgə elmi-praktik konfran təşkil etməyi planlaçdırmışıq.
Yarmarkada saxta bal satışına gəlincə, Çingiz Fərəcov Daşkəsən, Gədəbəy, Samux rayonundan gətirilən saxta balların yoxlanışdan sonra qarşısının alındığını, hətta onların sərgi-satış yarmarkasına daxil olmasına belə icazənin verilmədiyini söylədi.
Araşdırmalarımız və satıcılarla apardığımız söhbət əsnasında məlum oldu ki, onlar heç də balın satışına qoyulan standart qiymətlərlə razı deyillər. Daşkəsən rayonundan gələn satıcı İslam Namazov balın qiymətinin 25-30 manat olduğunu dedi: "Arılar təbii çiçəklərlə qidalandığı üçün biz belə qiymətə veririk".
Digər satıcı Tovuz rayonundan gələn Nurəddin Məmmədov isə bildirdi ki, əslində balın standart qiyməti 20-25 manat olmalıdır. Mən deyə bilərəm 95 faiz arıçı balın təmiz olub-olmadığı haqda heç bir məlumata malik deyil.
Xatırladaq ki, respublika Bal sərgi-satış yarmarkası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Bakının Xətai rayonunda təşkil olunub. 860 arıçının qatıldığı yarmarkaya bu səfər 400 ton bal çıxarılıb. Sentyabrın 20-dən start verilən bal satışı yarmarkası oktyabrın 5-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə