Dubay Əmirliyinin Mərkəzi Kitabxanasına Azərbaycanla bağlı kitablar təqdim edildi

Dubay Əmirliyinin Mərkəzi Kitabxanasına Azərbaycanla bağlı kitablar təqdim edildi

Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Bu tədbirlər çərçivəsində BƏƏ-dəki "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Dubay Əmirliyinin Mərkəzi Kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla ilə görüşərək "Erməni terroru", Heydər Əliyev fondunun hazırladığı "Qarabağ həqiqətləri", Küveytli yazıçı Adil Al-Fallhin yazdığı "Heydər Əliyev və milli-mənəvi dəyərlər" və "Azərbaycan xalçaları" kitablarını hər birindən 20 nüsxə olmaqla kitabxanaya təqdim edib. Bu barədə SİA-ya Samir İmanovun özü məlumat verib.

Kitablar "Azərbaycan" Cəmiyyətinin rəsmi müraciətinə əsasən təqdim olunduğu üçün təqdimat mərasimində Dubay hökumətinin İctimaiyyətlə Əlaqələr idarəsinin rəhbəri Əhməd Əl-Zahiri də iştirak edib. Kitablar Dubay Əmirliyinin kitabxanasına təqdim olunmadan əvvəl "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Dubay əmirliyinin dövlət rəsmilərinə Azərbaycan Respublikasının son 20 ildə keçdiyi çətin, amma şərəfli inkişaf yolu, Azərbaycanın bu müddətdə, xüsusilə son 10 il ərzində qazandığı böyük uğurları, erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi misli görünməmiş vəhşilikləri barədə məlumat verib. O, adı çəkilən kitabların "Azərbaycan" Cəmiyyətinə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunduğunu qeyd edib. O, hazırda bu kitabları Dubay Əmirliyinin Mərkəzi Kitabxanasına təqdim etməklə həmin kitabların əmirlik vətəndaşlarının geniş kütlələri, o cümlədən alimlər, tələbələr, Azərbaycanla, Azərbaycan mədəniyyəti və incəsənəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, erməni terroru ilə bağlı obyektiv və ətraflı məlumat almaq istəyən hər bir kəs üçün maraq kəsb edəcəyinə inamını ifadə edib.

Əhməd Əl-Zahiri "Azərbaycan" Cəmiyyəti sədrinin 4 ay öncə Dubay Əmirliyinin Turizm nazirliyində keçirdiyi görüşünü və həmin görüş əsnasında Samir İmanovun Dubayın Turizm nazirliyinə kitab və CD-lər təqdim etdiyini xatırladar bildirib ki, həmin kitab və materiallar sayəsində bir sıra nazirlik və idarələrin əməkdaşları Azərbaycanı daha yaxından tanımaq imkanı əldə edib, Azərbaycana maraq artıb, onlarla dövlət qulluqçusu Azərbaycana səfər etmişdir və bu proses indi də davam edir. Daha sonra o, belə görüşlərin dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə