Araz Əlizadə: “Mən siyasətə gələndə evim, bağım, maşınım var idi, indi isə...” - MÜSAHİBƏ
Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadənin Səs TV-yə müsahibəsi:
- Araz bəy, nəyə görə müxalifət partiyaları pərakəndə və dağınıq fəaliyyət göstərir? Bunu liderlərin bir-birilərinə güzəştə getməmələri və yaxud "yorğanı" daha çox öz tərəflərinə çəkmələri ilə əlaqələndirmək olarmı?
- Azərbaycanda ilk yaranan partiya Sosial Demokrat Partiyasıdır. 1988-ci ilin dekabr ayında fəaliyyətə başlayıb və biz ideoloji zəmində yaranmışıq. Dünyada ən böyük ideologiyalardan biri liberal ideologiya ilə bərabər sosial demokratiya ideologiyası mövcuddur. O dövrdə bugünkü siyasi müxalifətdə təmsil olunan bütün qüvvələr Azərbaycan Xalq Cəbhəsi deyilən bir qurumda birləşmişdilər. Azərbaycan Xalq Cəbhəsi "yenidənqurma"ya yardım məqsədilə yaradılmışdı. Sonra Zərdüşt Əlizadənin başçılığı ilə demokratik bir qurum yaradıldı. Radikal qüvvələr xalq cəbhəsini ələ aldılar və orada didişmələr gedirdi. Çünki hər bir kəsin öz ambisiyası var idi. İsa bəyin, Etibar bəyin, Əli bəyin öz iddiaları var idi. Bütün bunlara görə, cəbhənin parçalanması labüd idi. Çünki klassik cəbhələr yarananda oraya siyasi partiyalar və ictimai təşkilatlar daxil olurlar. Azərbaycan Xalq Cəbhəsi isə yarananda fərdlər daxil olurdular. Ona görə onlar dövlət çevrilişi yolu ilə hakimiyyətə gəldikləri ərəfədə öz şəxsi maraqlarını, ambisiyalarını təmin etmək üçün hərəsi bir siyasi partiya yaratdı. Həmin dövrdə Müsavat Partiyası mövcud idi və ona Niyazi İbrahimli sədrlik edirdi. İsa Qəmbər parlamentin spikeri olduğu müddətdə həmin partiyanın başına keçdi, ona iqamətgah verildi, qəzet nəşr olunmağa başladı. Etibar bəy isə İstiqlal Partiyasını yaratdı. Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi siyasi deyil, ictimai təşkilat olduğundan dağıdılandan sonra, Əbülfəz Elçibəy Kələkidə olarkən onu qoruyub saxladı və partiyaya transformasiya etdi. Lakin bu adamların hamısının əqidəsi eynidir. Bunlar sağ millətçidirlərsə, eyni təşkilatda olmalıdırlar. Lakin onlar ayrı-ayrı təşkilatdadırlar və hərəsinin öz marağı var. Nə qədər ki, onların maraqları təmin olunmayıb birləşmələri qeyri-mümkündür.
- İctimai Palata deyilən bir qurumun anti-demokratiyadan demokratiyaya "yumşaq keçid" yol layihəsinə münasibətinizi bilmək istəyərdik. Ümumiyyətlə, İctimai Palata ilə əməkdaşlıq etməməyiniz onların sizi sevməməsi, yoxsa sizin onlara simpatiyanızın olmaması ilə bağlıdır?
- Mən İctimai Palatanın heç bir qərarını oxumuram. Çünki mən bu qurumun yaradılmasını mənasız hesab edirəm. Mənasız saydığım bir şeyə də şərh verməyi lüzum bilmirəm.
- Sizi Əli Kərimli, İsa Qəmbərlə birləşdirən hər hansı siyasi maraqlar varmı?
- Xeyir yoxdur. Çünki məni ilk növbədə vətənim, Qarabağ düşündürür. Onlar isə bir dəfə hakimiyyətin "ləzzətini" dadıblar, \"bəlkə də qaytardılar\" ümidi ilə yaşayırlar. Mən isə \"bəlkə də qaytardılar\" fikri ilə yaşamıram, çünki mən siyasətdə maddi olaraq nəyi isə əldə etməmişəm, əksinə itirmişəm. Mən siyasətə gələndə evim, bağım, maşınım var idi, indi isə hamısını itirmişəm. Onların isə əksinə, heç nələri yox idi, amma indi çox şeyləri var. Bir fikirləri var, yenə də fürsət düşsəydi xalqı talayardıq.
- Ayaz Mütəllibovun Bakıya gəlişi bəzi müxalif qüvvələri niyə qıcıqlandırdı?
- Bilirsiniz ki, bizim partiyaya ağır itki üz verdi, kədərli bir hadisə oldu. Həmsədrimiz Ayaz Mütəllibovun oğlu Azər 49 yaşında dünyasını dəyişdi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev böyük alicənablıq, insanlıq göstərib, İslam qaydalarına uyğun olaraq Ayaz Mütəllibovun vətənə gəlib oğlu ilə vidalaşmasına şərait yaratdı. Bu, sizin müxalifət adlandırdığınız bir çox qüvvələri qıcıqlandırdı. Onları ən çox qıcıqlandıran o oldu ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərin xəstəliyindən xəbər tutanda Heydər Əliyev Fondu tərəfindən onu müalicəyə göndərdi. Mən Azərbaycan siyasətində olan insanlara üzümü tutub deyirəm ki, yadda saxlayın, ilk növbədə insansız, azərbaycanlısınız, sonra siyasətçisiniz.
Bəzi mətbuat orqanları da məni kədərləndirdi. Mən başa düşmürəm ki, niyə monqollara icazə verirlər ki, Azərbaycanda qəzet çıxarsınlar. "Xural" adlı qəzet buraxılır. Xural monqol dilində qurultay, toplantı deməkdir. Və yaxud "Nota" qəzeti var, orada Rəhim Qazıyev zəvzəklik edib. Bildirib ki, Mütəllibov məhkəmə qarşısına çıxıb sonra oğlu ilə vidalaşmalı idi. Bu onu göstərir ki, müxalifətdə ən əsas şey - mənəviyyat, insanlıq və vətənpərvərlik çatmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB