Bölgələrdə təcridxanaların vəziyyəti ürək açan deyil

Bölgələrdə təcridxanaların vəziyyəti ürək açan deyil

\"Bölgələrdə təcridxanaların vəziyyəti ürək açan deyil\". Bunu Gəncəyə səfərində SİA-nın bölgə müxbirinə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib.

"Ölkədə ən iri müvəqqəti saxlanma təcridxanalarından biri olan Gəncə şəhər 2 saylı İstintaq Təcridxanası sovetlər dönəmindən əvvəl, çar Rusiyası zamanında tikilib. Nə qədər təmir edilsə də yenə də istənilən şərait yaradılmır. Bu da dustaqların saxlanma şəraitinə mənfi təsirini göstərir. Mənə məlumat verildi ki, Gəncə şəhərinin yaxınlığında yeni təcridxananın tikintisi aparılır",- deyə E. Behbudov deyib.

Onun sözlərinə görə cari ilin müvafiq dövrü ərzində ölkənin güc strukturlarından İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə 90-a yaxın şikayət daxil olub və şikayətlərin əksəriyyəti qeyri-insani rəftarla bağlıdır: "Polis idarələrində və müvəqqəti saxlanma təcridxanalarında qeyri-insani rəftar daha çox ilkin istintaq zamanı qeydə alınır. Başqa sözlə desək, ilkin izahatda saxlanılan şəxslər təzyiqlərə məruz qalır. Buna həbs olunan vətəndaşların döyülmə faktları da daxildir. İşgəncə zamanı ayaq altına, eləcə də bədənin müxtəlif hissələrinə rezin dəyənəklərlə vurulması kimi faktlar bizlərə daxil olur".

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə