Azərbaycan Varşavada keçirilən beynəlxalq seminarda təmsil olunub

Azərbaycan Varşavada keçirilən beynəlxalq seminarda təmsil olunub

Polşanın paytaxtı Varşava şəhərində Beynəlxalq Ombudsmanlar İnstitutunun Avropa Nümayəndəliyi və Polşa Ombudsmanı tərəfindən təşkil edilən "BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzalara qarşı Konvensiyasına Əlavə Protokol və Ombudsman təsisatları" mövzusunda beynəlxalq seminar keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycanı bu tədbirdə Ombudsmanın İşgəncələrə qarşı Milli Preventiv Mexanizm Qrupunun rəhbəri Vüqar Məhərrəmov və həmin qrupun üzvü Səbuhi Abbasov təmsil edib. Tədbirdə BMT-nin İşgəncələrə qarşı Alt Komitəsinin (SPT), İşgəncələrə qarşı Avropa Komitəsinin (CPT), İşgənələrə qarşı Assosiasiyanın (APT), Beynəlxalq Ombudsmanlar İnstitutunun və bu qurumun Avropa üzrə nümayəndəliyinin, eyni zamanda Polşa Avstriya, Belçika, Kipr, İsveç, İspaniya, Sloveniya, Serbiya, Pakistan, Polşa, Niderland, Finlandiya, Danimarka, Macarıstan dövlətlərinin MPM-lərinin rəhbərləri və nümayəndələri, Polşa Respublikasının Ədliyyə Naziri və Polşa Seyminin İnsan Hüquqları Komitəsinin sədri iştirak ediblər.

Tədbirdə Milli Preventiv Mexanizmlərin mandatı, başçəkmələrə hazırlıq prosesi, baş çəkiləcək yerlərin seçilməsi, başçəkmənin müddəti, növü, nəticələrlə bağlı sonrakı hesabatların hazırlanması, MPM-in illik hesabatı, qabaqlayıcı tövsiyələr və digər mövzuları, eyni zamanda MPM-lərin BMT-nin İşgəncələrə qarşı Alt Komitəsi ilə əməkdaşlıq məsələləri müzakirə edilib. CPT, SPT və APT-nin ekspertləri seminarda müvafiq mövzular üzrə çıxış ediblər. Azərbaycan MPM Qrupunun üzvləri də müzakirələrdə iştirak edib, ölkə Ombudsmanının və MPM-in bu sahədə fəaliyyəti barədə ətraflı məlumat veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə