Taksi, tibb çantası varındır?-REPORTAJ

Taksi, tibb çantası varındır?-REPORTAJ

Hər gün yollarda onlarla qəza baş verir. Son zamanlarda yol qəzası nəticəsində həyatını itirənlərin sayı sürətlə artmaqdadır. Aparılan araşdırmalar göstərir ki, yol-nəqliyyat hadisələri zamanı ölüm hallarının 20-30 faizi ilk tibbi yardımın düzgün göstərilməməsi səbəbindən və avtomaşınlarda tibb çantası olmadığından baş verir. Eyni zamanda sürücülər, eləcə də digər insanlar ilkin tibbi yardım haqqında bəzi məlumatlara sahib olmalıdırlar. Buna baxmayaraq sürücülərin əksər hissəsinin, eləcə də vətəndaşların ilk tibbi yardım haqda məlumatları belə yoxdur. Hər bir hər bir evdə, iş yerində, xüsusilə avtomaşında yanğınsöndürmə balonu, içərisində sıxıcı rezin, bint, yod, spirt, ağrıkəsici dərmanlar və naşatır spirti kimi tibbi dərman və ləvazimatları olan tibb çantası olmalıdır.

Bu məsələnin vacibliyini nəzərə alaraq paytaxt küçələrindəki maşınlar və avtobuslarda araşdırma aparmaq qərarına gəldik. Amma təəssüflər olsun ki, bu gün paytaxt küçələrində olan sərnişin avtobuslarında, o cümlədən minik avtomobillərində tibb çantasına və yanğınsöndürmə balonuna rast gəlmək mümkün deyil.

İlk söhbətləşdiyimiz taksi sürücüsü İrafilov Mikayıl tibb çantasının olmasının lazımlı olduğunu deyir. Onun sözlərinə görə, yolda gedərkən sərnişinə nəsə olarsa, tibb çantası olduğu halda ona hansısa yardımlar edilə bilər. Amma sürücü vurğulayıb ki, hazırda bunlar həyata keçirilmir: "Bu qanuni şəkildə həll olunsa, yaxşı nəticəsi də olar. Tibb çantasını almaq bizə baha başa gəlir. Elə baha olmasa da müəyyən qədər bizə ziyan verir. Əgər daima lazım olsa, işlənsə, alıb qoyular. Tibb çantasının içərisində bint, naşatır spirti, yod, brilyant yaşılı(zlyonka) və damarı tutmaq üçün rezin olur. İnsanların bu barədə məlumatı dəqiq yoxdur. Yəni, bəlkə hansısa dərmanla yardım göstərmək istədikdə ona pis təsir edəcək? Bunların hamısı dövlətin müəyyən strukturları tərəfindən tənzimlənsə, daha yaxşı olar".

261 saylı sərnişin avtobusunun sürücüsü Bəhman Qəmbərov isə onlarda tibb çantasının olmadığını deyir. Onun sözlərinə görə, hər bir avtomaşında təhlükəsiz şəraitə qarşı tibb çantası olmaldır. O bildirib ki, yeni alınan marşrutların heç birində tibb çantası yoxdur: "Hər bir şey sahibkar, müvafiq qurumları tərəfindən tənzim olunmalıdır. Əgər avtomobildə zavod hazırlanarkən hər bir lazımi vəsaitləri üstündə olmalıdır".

Sərnişin Məmmədov Vaqif də öz növbəsində avtomaşınlarda tibb çantasının olmasını vacib hesab edib: "Bu bəzilərində var, bəzilərində isə yoxdur. Yəqin ki, müəyyən müddətdən sonra onlarda da olacaq. Buna ehtiyac olmayanda, hər kəsin yadından çıxır. Bunun olub və ya olmamasına heç bir nəzarət lazım deyil. Hər bir insan özü haqqında düşünməlidir. Sürücü də ilk növbədə özü, sonra isə sərnişinlər barədə düşünür.

Tibb işçisi Yeganə Ziyadova da tibb çantasının əhəmiyyətindən danışıb: "Tibb təhsilinin olub və ya olmamasından asılı olmayaraq hər bir vətəndaş ilk yardımın edilməsini bilməlidir. Çünki hər hansı bir həyati hadisədə ilk yardım çox vacib bir məsələyə çevrilə bilər. Hətta ilk yardımın göstərilməsindən insanın həyatı asılı ola bilər. Bu məsələnin marşrutda, avtomobildə mütləq nəzərə alınmalıdır. Əsasən isə tibb çantalarında spirt, brilyant yaşılı, hidrogen peroksid, pambıq və bint mütləq olmalıdır. Çünki qəza vaxtı açıq yaralanmalarda ilk olaraq xarici mühitdən infeksiyanın yaraya daxil olmaması və sonradan ağırlaşmaların qarşısını almaq üçün dezinfeksiya məhlullarından istifadə olunmalıdır. Spirt istifadə olunmalıdır ki, ətraf mühitdən və ya əlimizdən yaraya əlavə infeksiyalar keçməsin. Bunun üçünsə tibb işçisi olmağa ehtiyac yoxdur. Hər bir insan ən azından sanitar-gigiyenik qaydaları bilməlidir".

Unutmayaq ki, ilk baxışda sadə görünən bu məsələ hansısa bir anda insan həyatı bahasına başa gələ bilər... İnsan həyatını xilas etməyə hər kəs hər zaman hazır olmalıdır. Kiçik bir qutu kiminsə evinə sevinc, xoşbəxtlik bəxş edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə