“Turizmin inkişafı media müstəvisində”-FOTOSESSİYA

“Turizmin inkişafı media müstəvisində”-FOTOSESSİYA

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin və Mətbuat Şurasının təşəbbüsü ilə "Turizmin inkişafı media müstəvisində" mövzusunda dəyirmi masa keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də qatıldığı dəyirmi masada Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2011-ci il Azərbaycanda "Turizm ili" elan olunub. Buna uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir çox işlər görüldüyünü deyən Ə.Amaşov vurğulayıb ki, bunların içərisində "2011-ci il Turizm ilidir" devizi altında proqramların və xüsusi verilişlərin təşkili mühüm yer tutub. Onun sözlərinə görə, prosesə çap mediasının, o cümlədən qəzet və jurnalların cəlb edilməsi üçün ayrıca rubrikaların və mövzuların da müəyyənləşdirilməsi zəruridir. Onun sözlərinə görə, cari il ərzində 400 material dərc edilib və onların da 92%-i pozitiv xarakter daşıyır. Bundan əlavə, il ərzində turizmlə bağlı KİV-də hazırlanan materialların 34 faizi reportaj, 30 faizi isə analitik xarakterli olub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə çıxışında turizm sahəsində görülən işlər barədə geniş məlumat verib. O vurğulayıb ki, bu gün mədəniyyət və turizmlə bağlı mövzular hər bir mətbuat orqanında özünəməxsus yer tutur. Onun sözlərinə görə, nazirlik təsis olunanda əsas məqsəd mədəniyyəti zəngin inkişaf etdirmək, turizm vasitələrinin dünyaya çatdırılması, təbliğ olunması və digər məsələrdən ibarət olub. Nazir mehmanxana sektorunun inkişafı məqsədi ilə dövlətin geniş imkanlar yaratdığını da deyib. Onun sözlərinə görə, 2001-ci ildə ölkədə 6 min yerlik mehmanxana mövcud idisə, hazırda 35 548 yerlik mehmanxana sektoru fəaliyyət göstərir. O qeyd edib ki, bu ilin sonuna qədər daha 6 yeni mehmanxananın açılışı da nəzərdə tutulub.

Tədbirin davamında çıxış edən KİV orqanlarının rəhbərləri bu kimi məsələlər ətrafında müzakirələr aparıb, təklif və təşəbbüslər səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə