Nazir: “Bu il Azərbaycanda ilk dəfə olaraq daxili turizmin araşdırılmasına başlanılacaq”

Nazir: “Bu il Azərbaycanda ilk dəfə olaraq daxili turizmin araşdırılmasına başlanılacaq”

Azərbaycanda bu il ilk dəfə olaraq daxili turizmin araşdırılmasına başlanılacaq. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev məlumat verib. O bildirib ki, layihə Ümumdünya Turizm Təşkilatı ilə birgə həyata keçiriləcək. Bəzən iş adamlarının müvafiq qurumla məsləhətləşmədən, turizm müəssisəsi və ya mehmanxana inşa etdiklərini deyən nazir vurğulayıb ki, sonra həmin müəssisə ilə tanışlıq nəticəsində ciddi problemlərin olduğu meydana çıxır. Belə halda lisenziyaların verilmədiyini deyən Ə.Qarayev qeyd edib ki, onlar bu vəziyyəti başqa cür analiz etməyə başlayırlar.

Nazir bu ilin sonunadək Qobustanın Tarix Muzeyinin də tikintisinin yekunlaşacağını deyib. Onun sözlərinə görə, 4 min hektarlıq muzey ərazisi kənar təsirlərdən qorunmaq üçün hasarlanıb: "Muzey açıq hava yerləşdiyinə görə daxili yolar çəkilib. Muzeylərə insanların marağı da ilbəil artmaqdadır. 2006-cı ildə ölkə muzeylərinə 1 milyon 22 min ziyarətçi gəlibsə, 2010-cu ildə bu rəqəm 1 milyon 589 min olub. Son illərdə ölkədə aparılan infrastruktur dəyişiklikləri, islahatların hamısı turizmin inkişafına yönəlib.

Ə.Qarayev bildirib ki, Qusarda istifadəyə veriləcək Qıs Olimpiya Kompleksinin bütövlükdə tamamlanması prosesinə 2 milyard manat sərmayə qoyulacaq: "Bu layihəyə beynəlxalq sərmayənin cəlb edilməsi üçün tender elan olunub. Qusarda turizmin inkişafı ilə bağlı keçirilən tədbirlər işsizliyin səviyyəsinin azaldılmasına xidmət göstərəcək".

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə