Ombudsman Moldovada beynəlxalq tədbirdə iştirak edəcək

Ombudsman Moldovada beynəlxalq tədbirdə iştirak edəcək

Sentyabrın 20-21-də Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində "BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Konvensiyası: xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün perspektivlər" mövzusunda beynəlxalq konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, tədbirə bir sıra ölkələrin ombudsmanları, milli insan hüquqları təsisatlarının nümayəndələri, insan hüquqları sahəsində tanınmış mütəxəssislər, nüfuzlu beynəlxalq ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri qatılacaqlar. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bu beynəlxalq toplantıya dəvət olunub.

Beynəlxalq konfransın sessiyalarında insan hüquqlarının, o cümlədən xüsusi qayğıya ehtiyacı olan şəxslərin hüquqlarının təmini və müdafiəsinin müxtəlif aspektləri müzakirə ediləcək, iştirakçılar fikir və təcrübə mübadiləsi aparacaqlar. E.Süleymanova adıçəkilən beynəlxalq konfransda "Əlilliyi olan insanların hüquqlarının müdafiəsində Azərbaycan Ombudsmanının fəaliyyəti" mövzusunda çıxışı gözlənilir.

İnsan Hüquqları üzrə Müvəkkil bu səfəri çərçivəsində respublikanın Moldovadakı səfirinin iştirakı ilə bir sıra görüşlər keçirəcək. O, həmin ölkənin Ombudsman təsisatında həmkarları ilə görüşəcək, təcrübə mübadiləsi aparacaqdır. Görüş zamanı Azərbaycan və Moldova ombudsmanlar institutları arasında insan hüquqlarının müdafiəsi üzrə ikitərəfli müqavilə imzalanacaq. Həmin müqavilənin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının bu ölkənin ərazisində, müqavilənin tərəfi olan ölkənin vətəndaşlarının isə respublikamızda hüquqlarının pozulması halları barəsində təsisatların bir-birini vaxtında məlumatlandırması, onların bərpa edilməsinə öz səlahiyyətləri daxilində yardım göstərilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə