Taksofon parkı “can verir”-ARAŞDIRMA

Taksofon parkı “can verir”-ARAŞDIRMA
Taksofonlara demək olar ki, ehtiyac qalmayıb. Vaxtı ilə küçələrdə ən zəruri hesab edilən taksofonlar lazımsız əşyaya çevrilib. Paytaxt ərazisində bu rabitə növünün sayı durmadan azaldılır. Əldə etdiyimiz məlumata görə, hazırda Bakı küçələrində cəmi 79 ədəd taksofon istismardadır.

Mobil rabitənin inkişafı və əhalinin telefonlaşdırılması taksofon dövrünə son qoysa da paytaxt ərazisində apardığımız müşahidələr zamanı az da olsa taksofona maraq göstərənlərin olmasına təsadüf etdik. Əl telefonu olmayanlar, şəhərə qonaq gələnlər, bölgə və xarici ölkələrlə əlaqələr qurmaq istəyənlər daha çox taksofonlardan istifadə edir.


Taksofonların dili olsaydı...



Onu da deyək ki, taksofonlara şəhərin çox az yerlərində rast gəlmək mümkündür. Onların da əksəriyyəti müasirləşdirilib. Ancaq gözdən kənarda qalan ərazilərdə hələ də Sovet dövründən qalan aparatlara rast gəlmək olur. Bu aparatların köhnə görkəmi, yaxşı işləməməsi, antisanitariya vəziyyətində olması insanda ikrah hissi doğursa da məcbur olanlar onlardan da istifadə edir.
Daha çox taksofon isə metronun \"28 may\" metro stansiyasının yaxınlığında quraşdırılıb. Burada geçdiyimiz vaxt ərzində 1-2 nəfərin taksofona yaxınlaşdığını gördük. Ancaq aparatların yaxşı işləməməsi səbəbindən istifadəçilər bir neçə taksofondan istifadə etməyə məcbur oldular. Bizimlə söhbətdə bildirdilər ki, taksofonların yaxşı işləməməyindən əlavə yaxınlıqda kart satışının olmaması, taksofonların boş yerə pulu \"yeməsi\" və ya bəzi yerlərdə köhnə aparatların olması problemlər yaradır.
Taksofonların dili olsaydı, yəqin ki onlar da istifadəçilərin biganə və kobud münasibətindən şikayətlənərdi. Çünki apardığımız müşahidələr zamanı şəhərin çox yerində qurğuların üzərində müxtəlif yazıların yazılmasına, xətlərinin qırılmasına, dəstəyin yerinə asılmadan havadan asılı qalmasına rast gəldik.


Taksofonlar şəhərin qonaqları üçün nəzərdə tutulub


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin \"Aztelekom\" İstehsalat Birliyindən isə bildirildi ki, taksofonların sayını azaldılmasına səbəb taksofon parkının yeniləşdirilməsi ilə bağlıdır: \"AMT/69 modelli taksofonlar yığışdırılaraq yeni model taksofonlar quraşdırılır. Zəruri olan ərazilərdə kifayət qədər yeni taksofon var. Taksofonlar əsasən şəhərin qonaqları üçün nəzərdə tutulduğundan metro stansiyalarının çıxışında, bazarların qarşısında, dəmir yolu və avtovağzalda quraşdırılır. Şəhər əhalisi taksofonlara o qədər də maraq göstərmir. 90-cı illərə qədər mobil telefon olmadığından əhalinin əksəriyyəti gün ərzində bir neçə dəfə taksofondan istifadə edirdi. Ancaq mobil telefonlar bu ehtiyacı ödədi və taksofon dövrü geridə qaldı. Hazırda istismarda 79 taksofon var. İstismardan 206 taksofon çıxarılıb. Onlardan 151 köhnə tipli, 53-ü GSM standartında, 2-si isə kartla işləyən qurğu idi. Onların yerinə daha müasir taksofonlar quraşdırılıb".
Qurumdan o da bildirildi ki, sovet dövründən fərqli indi taksofonların gəlir gətirmir: \"Elə ərazilər var ki, ay ərzində cəmi 1-2 nəfər taksofondan istifadə edir. Orta hesabla ay ərzində taksofonun xidmətindən cəmi 10-15 nəfər yararlanır. Ona görə də taksofon parkı gəlirsiz bir sahəyə çevrilib və praktik olaraq taksofonların fəaliyyəti rentabelli hesab edilmir. Onlara təkcə bizdə deyil, bütün dünyada maraq azalıb. Zaman keçdikcə taksofonlar öz aktuallığını daha da itirəcək. Ancaq hələ ki, bu rabitə növünün inkişafı üçün yeni işlərin görülməsini nəzərdə tutulur. "Aztelekom" tərəfindən taksofon rabitəsinin səmərəliliyi öyrənilir. Taksofon rabitəsinə olan tələb təklifi üstələsə, taksofon parkının genişləndirilməsi üzrə işlər görüləcək".

"Akses" üstünlük təşkil edir

Bakı şəhər Avtomat Telefon Qovşağının mütəxəssisi Hikmət Ağayev isə bildirdi ki, hazırda paytaxtda Türkiyənin \"Netaş\" şirkətinin istehsalı olan \"Teletaş\" və Fransanın \"Şlyumberje\" şirkətinin müasir \"Akses\" taksofonları üstünlük təşkil edir. Bakının taksofon bazarı tamamilə yeniləşdirilənindən sonra pul və kart sistemi ilə işləyən taksofonlar universal taksofonlarla əvəzlənəcək\".

Bütün xəbərlər Facebook səhifəmizdə