Korrupsiyaya qarşı mübarizədə Tvinniq layihəsi başa çatdı

Korrupsiyaya qarşı mübarizədə Tvinniq layihəsi başa çatdı

Bu gün Litva Respublikasının Xüsusi İstintaq Xidməti ilə birgə həyata keçirilən "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə dəstək- Tvinniq Layihəsinin başa çatması ilə əlaqədar bağlanış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, Litva Respublikası Xüsusi İstintaq Xidmətinin rəisinin I müavini Aydenas Karpus, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, adıçəkilən layihə Avropa İttifaqının Şərqi Əməkdaşlıq və Qonşuluq Siyasəti kontekstində həyata keçirilən və Avropa standartlarına uyğun şəkildə təşkilati quruluş prosesinə dəstək vermək məqsədi daşıyan Tvinniq Proqramı çərçivəsində reallaşıb. Onun sözlərinə görə, əvvəlcədən 22 ay müddətinə nəzərdə tutulan layihə 2011-ci ilin aprel ayında başa çatmalı olsa da tərəflərin qarşılıqlı razılığı ilə 5 ay müddətinə uzadılıb: "Əsas məqsədi Azərbaycanda Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin və səlahiyyətlərinin təkmilləşdirilməsi olan layihə 5 əsas komponent üzrə həyata keçirilib. Layihə çərçivəsində idarə əməkdaşlarının Baltikyanı ölkələrə çoxsaylı tanışlıq səfərləri həyata keçirilib, xarici ölkələrdə olan əmlakın müəyyən edilməsi və geri qaytarılması istiqamətlərində çoxsaylı treninq və seminarlar təşkil edirlər. Layihə ərzində korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycandakı vəziyyət və qanunvericilik bazası ətraflı təsvir edilib".

Daha sonra çıxış edən Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin rəisin I müavini Aydenas Karpus layihəni yüksək qiymətləndirib. O bildiirb ki, layihə çərçivəsində hazırlanan təkliflər və layihələr əsasında Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səlahiyyətləri, struktur və ştat say tərkibində əhəmiyyətli dəyişiklərin həyata keçirilməsinə, habelə idarə əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılmasına nail olunub.Onun sözlərinə görə, layihə hazırda başa çatsa da, Litva Respublikasının Baş Prokurorluğu və Litva Respublikasının Xüsusi İstintaq Xidməti ilə olan faydalı qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir.

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia isə qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında fəaliyyət planının vacib hissəsi korrupsiyaya qarşı mübarizə ilə bağlıdır. Onun szölərinə görə, bu layihə korrupsiya ilə mübarizədə öz töhfəsini verəcək. O bildirib ki, korrupsiya ölkə üçün çox ciddi fəsadlar yaradır, inflyasiyaya səbəb olur və ölkələrin iqtisadi-siyasi stabilliyinə təsir göstərir: "Bu, hər ölkədə var, sadəcə olaraq onun səviyyəsi fərqlidir. Son illərdə korrupsiyanın ölkəyə, vətəndaşlara, şirkətlərə zərər verdiyini görürük. Problem odur ki, korrupsiya və rüşvətxorluğun heç bir sərhədi yoxdur, hər ölkədə böyük mənfi fəsadlar ortaya çıxarır. Azərbaycanda isə korrupsiyaya qarşı mübarizə sahəsində bir çox müsbət nailiyyətlər əldə olunub".

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü, millət vəkili Bəxtiyar Əliyev isə bildirib ki, Azərbaycanda korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığa üstünlük verilir. O, Azərbaycan dövlətinin korrupsiyaya qarşı mübarizədə öz siyasi iradəsini ortaya qoyduğunu vurğulayıb: "Azərbaycanda korrupsiya ilə mübarizə sivil yolla, qanun çərçivəsində aparılır. Bu işin yekunu ilin sonunda təhlil olunacaq. Düşünürəm ki, bu sahədə yeni dövlət proqramının işlənməsi və qəbulu lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə