Mətyu Brayza: “Mən və ailəm işimlə bağlı yeni təyinat barədə düşünəndə ancaq Azərbaycan üzərində dayanırdıq”

Mətyu Brayza: “Mən və ailəm işimlə bağlı yeni təyinat barədə düşünəndə ancaq Azərbaycan üzərində dayanırdıq”
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mətyu Brayzəni qəbul edib.

Qurumdan SİA-ya verilən xəbərə görə, Dövlət Komitəsinin sədri ABŞ-ın yeni səfirini salamlayaraq, onun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri kimi fəaliyyətini nəzərə çatdırıb və ölkəmizi yaxşı tanıdığını, regiondakı münaqişələrin tarixinə obyektiv bələd olduğunu vurğulayıb. Azərbaycanlıların milli-dini dözümlülük xarakterinin həm nəzəri, həm də həyati tərəflərinə şəxsən bələd olmağına şübhə etmədiyini açıqlayıb.

Hidayət Orucov əlavə edib ki, ABŞ-ın ölkəmizdəki səfirləri ilə Dövlət Komitəsi arasında işgüzar münasibətlər ənənəsi mövcudur və bu davam etdiriləcək.

Səfir Mətyu Brayzə səmimi qəbul üçün minnətdarlığını bildirərək deyib ki, o, karyerasında növbəti yeni təyinat gözləyərkən ancaq bizim ölkəmizdə çalışmaq arzusunda idi. Ailəsinin də bu məsələdə ona dəstək olduğunu vurğulayan səfir, Azərbaycanın ABŞ-ın srtateji tərəfdaşı olduğunu önə çəkib, belə bir siyasi seçimdə dövlətimizin və millətimizin sosial-iqtisadi islahatlar fonunda əldə etdiyi nailiyyətlərin, milli-dini xarakterindəki tolerantlıq ənənəsinin, hər cür ayrı-seçkiliyə "yox" demək iradəsinin malikliyinin əsas rol oynadığını deyib.

"Azərbaycan Amerikanın dostudur, Amerika da Azərbaycanın dostudur. Mən bir səfir kimi bu mövqenin okeanın o tayında hamının diqqətinə çatdırmağa səy edəcəyəm", - deyən Mətyu Brayzə xüsusi vurğulayıb ki, ABŞ dövlətinin strategiyasında belə bir fikir formalaşıb: "Dövlət-din münasibətlərində din siyasiləşdirilməməlidir. Əgər hər hansı dövlət öz din siyasətini başqa ölkəyə ixrac edərsə, yerli xalq buna birmənalı olaraq "yox, bizim öz dinimiz, öz dövlət-din münasibətlərimiz var" deməlidir. ABŞ isə xalqın bu iradəsinə dəstək verməli, kömək etməlidir."

"Bəzən Departament hesabat hazırlayarkən elə ifadələr işlədilir ki, bizim yerlərdəki fəaliyyətimizə mane olur. Səfir kimi məqsədim qurumlarımız arasında yaxşı və anlaşıqlı işgüzar münasibətlərə şərait yaratmaqdan ibarət olacaqdır," – deyə amerikalı diplomat fikrini tamamlayıb.

Hidayət Orucov əlavə edib ki, dinin siyasiləşdirilməsi bəzi ölkələrdə acı tendensiya xarakteri alıb. Bizim dövlət isə təriqətlərüstü və saf din siyasəti aparır. Qədim və humanist ənənənələrə əsaslanan belə bir dünyəvilik prinsipinin qorunub saxlanmasında Ulu Öndər Heydər Əliyevin xüsusilə böyük xidmətləri olmuşdur. Bu gün Prezidentimiz İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. "Din dövlətdən ayrıdır" prinsipi Azərbaycanda sözün əsl mənasında yaşarlıdır. XXI əsrdə dini ekstremizmə yol verilə bilməz. Terrorizmdə dindən dəstək almaq olmaz. Dinləri, xüsusilə də İslamı terrorizmdə günahlandırmaq isə ən azı ədalətsizlik və savadsızlıq kimi dəyərləndirilməlidir. Bu istiqamətdə amerikalı dostlarımızla biz həmfikirik.

Görüşdə insan hüquqları sahəsində əməkdaşlıqla bağlı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadilələri aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə