DUZUNUZ OLSUN!
Duzun tərkibinin standartlara cavab verməməsi ilə bağlı xəbərlər mütəmadi olaraq gündəmə gəlir. Son günlər bu problem üzündən ölkədə zob xəstəliyinin geniş yayılması ilə bağlı xəbərlər verilir.
Yodlaşdırılmamış duzun satışının qarşısı alınmaması səbəbindən Gəncədə problemin daha aktual olduğu bildirilir. Bu şəhərdə zob xəstəliyinin geniş yayılmasının səbəbini mütəxəssislər əhalinin yodsuz duzdan istifadəsi ilə əlaqələndirirlər. Oxşar vəziyyət paytaxtda da müşahidə olunur. . Bu sahədə çalışanlar həyəcan təbili çalaraq bildirirlər ki, yodsuzluq problemi aradan qaldırılmazsa, ölkədə geniş yayılmış zob xəstəliyinin qarşısını almaq mümkün olmayacaq .


Ən ucuz xörək duzu yerli istehsalın payına düşür


Paytaxt ərazisində apardığımız müşahidələr zamanı bəzi ticarət obyektlərində duzların günəş şüaları altında satılmasına təsadüf etdik. Mağazalarda sərgilənən müxtəlif çeşidli duzların əksəriyyətinin üzərində tərkibi, keyfiyyət göstəriciləri və sair məlumatlara rast gələ bilmədik. Onu da deyək ki, hazırda satışda yerli duzlarla yanaşı xarici ölkələrdən gətirilən duzların da sayı az deyil. "Binəqədi" rayonu ərazisindəki "Nigar" marketin satıcısı xarıçı duzların alıcısının daha çox olduğunu dedi: "Xaricdən gətirilən duzların tərkibi daha keyfiyyətlidir.
Əhali arasında bu duzların tərkibinin daha yüksək olması ilə bağlı fikir formalaşıb. Ancaq qiymətləri yerli duzlardan baha olduğu üçün daha çox yerli duzlar satılır". Satıcı yerli duzlar 1 manat, 1 manat 50 qəpik olduğu halda xarici duzların qiymətinin 2 manatdan yuxarı olduğunu dedi.
Digər ərazilərdə də apardığımız araşdırmalar zamanı məlum oldu ki, hazırda satışda ən ucuz xörək duzu yerli istehsalın payına düşür. Türkiyədən gətirilən duzların qiyməti isə ölkədə istehsal edilən duzların satış qiymətindən iki dəfə bahadır.


Satışdakı duzların 50 faizi yodlaşdırılmayıb


Ancaq məsələ ilə bağlı apardığımız araşdırma zamanı
xarici duzların da içərisində tərkibi müəmmalı olanların olduğunu öyrəndik. Məsələn ölkə daxilində aparılan araşdırmalar zamanı Ukraynanın "Artyomsol" əmtəə nişanı ilə nişanlanmış "Povarennaya pişevaya yodirovannaya sol" və "Ekstra - sol yodirovannaya", "Salt – Ekstra", "Marabelle Sea Salt" duzlarının tərkibində yod olmadığı bəlli olub.
Bu barədə məlumat verəm Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, qurum tərəfindən aparılan monitorinqlər zamanı mütəmadi olaraq bu cür faktlar üzə çıxır: "Əvvəlki illərlə müqayisədə vəziyyət daha yaxşı olsa da hələ də satışdakı duzların 50 faizi yodlaşdırılmayıb. Əksər duzların üzərində "yodlaşdırılmış" yazılmasına baxmayaraq, bu məhsulların çoxunun tərkibi yodsuzdur. Yerigəlmişkən onu da deyim ki, duz istehsalı ilə məşğul olan sahibkarlar duzun yodsuzluğunun səbəbini ölkədə yod ehtiyatının olmaması ilə izah edirlər. Hesab edirəm ki, bu problem təcili olaraq dövlət səviyyəsində öz həllini tapmalıdır. Belə olmazsa duzsuzluq səbəbindən yaranan problemlərin qarşısını almaq mümkün olmayacaq.



Hər bir insan gün ərzində 100 ml/q yod qəbul etməlidir



Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida təhlükəsizliyi şöbəsinin rəhbəri İmran Abdullayevdən isə bildirdi ki, 1 qram duzun tərkibində 30-50 mkq yod olmalıdır: "Yodun tərkibi ilə bağlı apardığımız monitorinq zamanı bütün xörək duzu istehsal edən müəssisələrdən duza yod qatmağı tələb edirik. Buna riayət etməyənlərə qarşı ciddi tədbirlər görülür".

Mütəxəssis bildirdi ki, duzda yod çatışmazlığı zob xəstəliyi ilə yanaşı azyaşlılarda psixoloji və fiziki çatışmazlıqlara, həmçinin intellektual inkişafının əngəllənməsinə səbəb ola bilər. Ümumiyyətlə insanlar orqanizmin yoda olan tələbatını mütləq ödəməlidirlər. Orqanizmin yoda olan tələbatı duzla yanaşı feyxoa, xurma, qoz-fındıq, rəngli meyvələr və dəniz məhsulları ilə ödənilə bilər. Ancaq insan orqanizminə daha çox yod duz vasitəsi ilə daxil olur. Gün ərzində hər bir insan 100 ml/q yod qəbul etməlidir. Bu olmadıqda təhlükəli xəstəliklərə yoluxma qaçılmazdır.




Bütün xəbərlər Facebook səhifəmizdə