Ekoloji Şuranın iclası keçirilib

Ekoloji Şuranın iclası keçirilib

Respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, bu sahədə ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və bu istiqamətdə effektivliyin təmin olunması məqsədilə ekologiya və təbii sərvətlər naziri yanında yaradılmış İctimai Ekoloji Şuranın (İEŞ) növbəti iclası keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclası şuranın sədri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov açıb.


Şurada 2-4 noyabr tarixlərində "Baku Expo" mərkəzində "Xəzər: Ətraf mühit üçün texnologiyalar" mövzusunda keçiriləcək ekoloji sərgidə QHT-lərin də iştirakı ilə əlaqədar müzakirələr aparılıb. ETSN tərəfindən onlara təşkilati dəstəyin göstəriləcəyi bildirilib və bu məqsədlə birgə işçi qrupunun yaradılması qərara alınıb.


"Yaşıllıqların mühafizəsi haqqında" qanun layihəsi ilə bağlı yekun müzakirələr aparılıb və qanun layihəsində müzakirələr zamanı səsləndirilən fikirlərin layihədə əks olunduğu nəzərə alınıb.

Şurada, həmçinin "Ekoloji ekspertiza haqqında" qanun layihəsinin müzakirəsi ilə əlaqədar hüquq şöbəsinin müdir əvəzi Teymur Şəkərəliyev çıxış edib. Qanun layihəsi ilə əlaqədar Şura üzvləri öz fikirlərini söyləyib, rəy və təkliflərini bildirib. Nazir tərəfindən qanun layihəsinə dair verilmiş təkliflərin təhlil edilməsi tapşırılıb.


Sonda QHT nümayəndələri tərəfindən irəli sürülən digər təkliflər də müzakirə edilib və şuranın növbəti iclasının gündəliyi müəyyən olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə