Eldar İbrahimov: “Azərbaycan ona görə qüdrətli və güclüdür ki, onun ulu öndər Heydər Əliyev kimi lideri olub” - MÜSAHİBƏ

Eldar İbrahimov: “Azərbaycan ona görə qüdrətli və güclüdür ki, onun ulu öndər Heydər Əliyev kimi lideri olub” - MÜSAHİBƏ
Milli Məclisin deputatı Eldar İbrahimovun Səs TV-yə müsahibəsi:


- Eldar müəllim, Azərbaycan müstəqilliyinin 20 illiyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin verdiyi sərəncamı ümumilikdə necə şərh edərdiniz?



- Əvvəla onu qeyd edim ki, mən həmin dövrün, yəni ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən ictimai-siyasi hadisələrin bilavasitə iştirakçısı olmuşam. Onu xüsusilə qeyd etmək istəyirəm ki, 1990-cı ilin 17 noyabrında Naxçıvanda ulu öndərimiz Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını qaldıranda, artıq müstəqilliyimizin əsası qoyuldu. Yəni bu müstəqilliyə atılan ilk addım idi. Sonra 1991-ci ilin 18 oktyabrında isə Azərbaycan Respublikası Ali Soveti Azərbaycanın istiqlaliyyəti barədə Konstitusiya aktı qəbul etdi. Bu konstitusiya aktına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası öz müstəqilliyini elan etdi. Prezident İlham Əliyevin müstəqilliyin 20 illiyi ilə bağlı imzaladığı sərəncamı isə çox yüksək qiymətləndirirəm.



- Ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verib ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtmasaydı, bugünkü müstəqil, güclü, inkişaf etmiş Azərbaycan dünya xəritəsində mövcud ola bilərdimi?



- Əgər 1991-ci ilin 3 sentyabrında Heydər Əliyev yerli camaatın təkidi və tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə seçilməsəydi, sıravi deputat kimi Azərbaycanda hakimiyyətə gəlişi sual altında qala bilərdi. Muxtar respublikada çalışdığı illərdə Naxçıvanı bəlalardan azad etdi, erməni işğalından qorudu. Artıq bütün Azərbaycanda insanlar Heydər Əliyevə pənah gətirirdilər. Qısacası ulu öndər o dövrdə hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın mövcudluğu şübhə altında ola bilərdi.



- Ulu öndərin varislik prinsipi ölkə prezidenti İlham Əliyev tərəfindən necə və hansı formada həyata keçirilir?


- Ümummilli liderin layiqli davamçısı İlham Əliyev prezident seçildiyi dövrdən, 2003-cü ildən bu günə qədər çox yüksək səviyyəli işlər görülüb. İqtisadi, siyasi, sosial, tikinti-quruculuq sahələrində uğurlu nailiyyətlər əldə olunub. Hətta bütün bu inkişafa paxıllıq edən bəzi daxili və xarici qüvvələr var. Bir sözlə Azərbaycanı inkişaf etdirən Heydər Əliyev siyasətidir və bu, ölkə prezidenti İlham Əliyevin ağılı ilə, zəkası ilə inkişaf edir. Cənab prezident eyni zamanda ulu öndərin liderlik missiyasını layiqincə daşıya bilir. Bu gün Azərbaycanda xalqın İlham Əliyevə olan inam və məhəbbəti onun liderlik keyfiyyətlərindən xəbər verir. Lider o insanlardır ki, xalqın öz arxasınca aparmağı bacarır. Xalq da öz prezidentinə inanır və onun arxasınca gedir. Növbəti prezident seçkilərində, 2013-cü ildə də Azərbaycan xalqının yeganə ümidi İlham Əliyevdir. Çünki bu gün artıq öz sözünü deməyi bacaran bir ölkənin prezidenti olaraq İlham Əliyevin fikri ilə dünyanın məşhur siyasətçiləri, liderləri hesablaşır və onunla razılaşırlar. Azərbaycan elə də böyük ölkə deyil, lakin onun lideri və nüfuzu güclüdür. Azərbaycan ona görə qüdrətli və güclüdür ki, onun ulu öndər kimi lideri olub. Bu gün isə həmin siyasəti uğurla davam etdirən prezidentimiz var.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com