Diqqətli olun, sizi izləyirlər!-ARAŞDIRMA

Diqqətli olun, sizi izləyirlər!-ARAŞDIRMA
Dünyada detektiv xidməti olduqca gəlirli bir sahə hesab olunur və onların xidmətindən yüzlərcə insan yararlanır. İnkişaf etmiş ölkədə detektiv agentlikləri qanun çərçivəsində fəaliyyət göstərir.
Hər hansı bir şirkət rəhbəri, sahibkar, iş adamı və ya daşınmaz əmlak, kommersiya sirləri, xəyanət və bu kimi problemlərlə üzləşənlər məlumatları dəqiqləşdirmək üçün detektivlərə müraciət edirlər.
İlk detektiv agentliyi 1834-cü ildə Fransada yaradılıb. Həmin dövrdə detektiv agentləri iş adamlarını və kommersiya strukturlarını bankrotlardan qoruyurmuş. O vaxtlar cəmi 20 franka agentlik iş adamlarına kredit yatırımları və digər ticari gəlirlərlə bağlı məxfi məlumatlar verərmiş. İlk detektivlər Parisdə çiçəklənən kommersiya dəllallarının qarşısının alınmasına da yardımçı olub. Həmçinin detektiv agentliyi polisin tapa bilmədiyi oğruların tapılmasında, həyat yoldaşını xəyanətdə suçlayan şəxsin şübhələrinin izinə düşməsində, gah da bank əməliyyatlarının araşdırılmasında böyük rol oynayıb. Sonradan gəlirləri milyonlarla dollara çatan bu agentliyin səs-sorağı geniş yayılır və detektiv işinə dünyada böyük maraq yaranıb. Qərbi Avropada, ABŞ-da və digər ölkələrdə də detektiv xidmətlərinin yaradılmasına başlanılıb. Həmin dövrdə polis xidməti olmadığı üçün detektivlərdən hətta cinayət işlərinin açılmasında, hər hansı bir əşya itdikdə də geniş istifadə edilərdi. ABŞ-da populyarlıq qazanmış \"Biz heç vaxt yatmırıq\" adlı detektiv agentliyi indi də şöhrətini saxlayır. Pinkerton tərəfindən yaradılan sözügedən agentliyin ABŞ və Kanadanın 48 şəhərində filialı fəaliyyətdədir ki, onların da milyonlarla müştərisi var.



Detektiv xidmətinin qanuniləşəcəyi istisna olunmur


Azərbaycanda da detektiv xidmətinin qanuniləşəcəyi və bununla bağlı qanunun qüvvəyə minəcəyi bildirilirdi. Ancaq hələ də bu xidmət növünün fəaliyyətinə icazə verilmir, hətta çoxları onun mövcudluğundan belə xəbərsizdir.
Apardığımız araşdırma zamanı detektiv agentlərinin nə qanuni, nə də qeyri-qanuni şəkildə fəaliyyətinə təsadüf etmədik. Öyrəndik ki, vaxtilə paytaxtda "Azərbaycan Detektivlər Assosiasiyası" adlı bir qurum fəaliyyət göstərib. Ancaq kifayət qədər müştərisi də olsa assosiasiyaya dəstək olmadığından bağlanıb.
Deyilənə görə, detektiv fəaliyyətinin ölkədə qanuniləşdirilməsi ilə bağlı məsələyə Milli Məclis səviyyəsində baxılması da vaxtilə nəzərdə tutulub. Ancaq Milli Məclisin deputatı Fəzail Ağamalı detektiv xidmətinin qanuniləşməsi bir müddət müzakirə mövzusu olsa da sonradan bu məsələ bir az arxa plana keçdi: "Ancaq gələcəkdə layihənin müzakirəsinin qanuni müstəviyə gətiriləcəyi istisna olunmur. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti hələlik bu cür xidmətə hazır deyil.
Məlumdur ki, bu xidmətdən daha çox şəxsi, məişət xarakterli problemlərinin həlli üçün istifadə olunur. Problem o zaman hüquq mühafizə orqanları səviyyəsinə çıxır ki, artıq orada konkret fakt var. Bu zaman həmin məsələyə hüquqi qiymət verilir. Ancaq detektiv xidmətini
fakt olmadan şəxsi müstəvidə olan şübhələri araşdırmağa yönələn bir xidmətdir. Onu da deyim ki, bu xidmətin qanuniləşməsi bizim cəmiyyətdə ciddi problemlərə yol aça bilər. Çünki detektiv xidmətinin hər hansı bir sirrin üstünü açması bizim mentalitetimizə zidd ola bilər, bu da ciddi münaqişələrin yaranmasına səbəb ola bilər.


Detektivlərdən yaxşı məqsədlər üçün də istifadə edilir


Hüquqşünas Tərlan Məmmədli isə detektivlərə həyatın bəzi çətin anlarında böyük bir ehtiyac yarandığını deyir: \"Hərdən insan elə bir şəraitə düşə bilər ki, həmin problemin özəl və tamamilə məxfi saxlanılması üçün yalnız detektivə etibar edə bilər. Rusiyada bu fəaliyyət növü ilə püxtələşmiş detektiv kontorları məşğul olur. Bu ölkənin ən tanınmış və dünyaca məşhur detektiv agentliyi \"Status\" əsasən öz əlaqələrinə görə məşhurdur. Müştərilərini razı salmaq üçün bu agentlik bütün dünya detektivləri ilə əməkdaşlıq quraraq ən məxfi sifarişləri yerinə yetirir. Agentlik verdiyi elanlarda müştərilərinə iqtisadi riskdən qurtarmaq, biznes gəlirlərini artırmaq, daşınmaz əmlak problemlərini həll etmək, konfidensial informasiyaların qarşısını almaq, kommersiya əməliyyatlarını təhlükəsiz həll etmək və bu kimi ciddi işlərdə yardımçı olmağı təklif edir. Ukraynanın \"Xerson\" detektiv agentliyi isə əsasən insanların axtarışında, hər hansı bir şəxslə bağlı dəqiq məlumatın, yaxud ünvan və telefonların tapılması istiqamətində xidmətlər təklif edir. Ukrayna detektivləri həmçinin izləmə, foto və video çəkilişlərini, hər hansı bir şirkətin sifarişi ilə işə götürdüyü işçinin tərcümeyi-halının öyrənilməsini, itən nəqliyyat vasitələrində şübhəli bilinən, istirahətə gedən şəxslərin izlənməsi kimi xidmətləri də yerinə yetirir. Onu da deyim ki, detektiv xidməti təkcə pis niyyətlər üçün deyil, həmçinin yaxşı məramlarda da istifadə olunmaqdadır. Məsələn: valideyn övladının hərəkətlərini nəzarətdə saxlamaq üçün bu xidmətdən yararlana bilər. Belə ki, bəzi uşaqlar alkoqol, narkotik və bu kimi pis vərdişlərə yiyələndikdə onu valideynindən gizlətməyə çalışırlar. Detektivlər vasitəsilə uşağı bu yoldan çəkindirmək mümkündür. Qeyd edim ki, bütün bu xidmətlər əhaliyə elanlar vasitəsilə çatdırılır və istənilən şəxs detektivə müraciət edə bilər\".

Bütün xəbərlər Facebook səhifəmizdə