Sumqayıtlılar Şəhər gününü qeyd etdilər - FOTOSESSİYA

Sumqayıtlılar Şəhər gününü qeyd etdilər - FOTOSESSİYA

Bu gün Sumqayıtda böyük coşqu və ruh yüksəkliyi ilə Şəhər günü qeyd edilib. SİA-nın məlumatına görə, bayram tədbiri əvvəlcə qədim və tarixi kökləri özündə əks etdirən Corat kəndindən başlayıb. İdarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə maraqlı anlar yaşanıb. Belə ki, milli geyimli atlı carçılar, motosikletçilər şəhərin küçələrini gəzərək sakinlərə və şəhərin qonaqlarına əsl bayram ab-havası bəxş edib.

Tədbirə toplaşan on minlərlə sumqayıtlı, bayrama gələn qonaqlar, xarici ölkələrin səfirləri böyük maraqla qədim qala divarlarını, gəmini, bazar meydanını seyr edərək ədəbi-bədii kompozisiyaya tamaşa ediblər. Qədim toplardan açılan atəşlər, bayram üçün xüsusi hazırlanmış dünyanın ən nəhəng corat qutabı və uzaq keçmişdə Albaniyadan keçmiş Roma sərkərdəsi Pompeyin öz qoşunu ilə bayrama qatılması, buraya toplaşanların böyük marağına səbəb olaraq tədbirə xüsusi rəng qatıb.


Daha sonra tədbir "Kimyaçılar" sarayının qarşısındakı meydanda davam edərək buradan kütləvi bayram keçidi təşkil edilib. Meydandan keçən idmançılar, motosikletçilər, retro maşınlar, Türkiyədən məşhur "Mehtər" qrupu, Rusiyanın Sankt-Peterburq şəhərindən dəvət olunmuş barabançı qızlar qrupu, Dağıstandan Ləzginka rəqs qrupu, Azərbaycanın bölgələrindən musiqi kollektivləri nümunəvi çıxışlarını nümayiş etdiriblər.

Qeyd edək ki, tədbir geniş bayram konserti və əsrarəngiz atəşfəşanlıqla yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə