Qabil Hüseynli: “Nuru Paşa düşünürdü ki, tezliklə bütün türk dünyası birləşəcək...” - MÜSAHİBƏ

Qabil Hüseynli: “Nuru Paşa düşünürdü ki, tezliklə bütün türk dünyası birləşəcək...” - MÜSAHİBƏ
Politoloq Qabil Hüseynlinin Səs TV-yə müsahibəsi



- Qabil müəllim, Qafqaz İslam Ordusunun 1918-ci ilin sentyabr ayında Azərbaycana gəlişi hansı zərurətdən yaranıb?


- Həmin dövrdə həm Bakıda, eləcə də Azərbaycanın müxtəlif rayonlarında menşevik, daşnak və bolşevik qüvvələri tam hökmranlıq edirdi. Bir tərəfdən də Rusiyada çar imperiyası dağılmış və burjua demokratik respublikası yaradılmışdı. Bu fürsətdən istifadə edərək Zaqafqaziya respublikaları əvvəlcə Zaqafqaziya Seymini yaratdılar. Bu seym təxminən 2 aya yaxın fəaliyyət göstərdi, amma tez bir müddətdə quruma daxil olan Azərbaycan Milli Şurası Azərbaycandan məlumatlar almağa başladı ki, Bakıda mart qırğınları başlayıb. Şaumyanın başçılığı altında fəaliyyət göstərən qüvvələr bolşeviklərlə birləşərək Bakıda böyük qırğınlar törətdilər. Bu xəbərləri eşitdikdən sonra Azərbaycan Milli Şurasının üzvləri seymə daxil olan Ermənistan və Gürcüstan hökumətinin nümayəndələrindən tələb etdilər ki, bu özbaşınalıqları dayandırmaq üçün səy göstərsinlər. Ən azından birlikdə qüvvə təşkil edərək Bakının və Azərbaycanın digər rayonlarının bolşevik-daşnak zülmündən azad edilməsində onlara yardım göstərsinlər, lakin nə ermənilər, nə də gürcülər tərəfindən heç bir dəstək olmadığından Azərbaycan Milli Şurası seymin tərkibindən çıxdı və Azərbaycanın müstəqilliyini elan etdi. Gəncə paytaxt elan olundu. Ancaq bu ölkənin suverenliyinin təmin edilməsi demək deyildi. Bunun üçün ordu formalaşdırılmalı idi, çoxsaylı daşnak ordusu və digər xarici qüvvələr var idi ki, onların hamısı neytrallaşmalı idi.


Belə olan təqdirdə Azərbaycanın yeni hökuməti Türkiyə hökumətinə müraciət edir. O dövrdə isə Türkiyənin durumu ağır idi. Çünki ölkə Birinci Dünya Savaşından məğlub çıxmışdı. Yəni müharibəyə girməsə də Almaniyanın müttəfiqi olduğuna görə, o da məğlub dövlətlər sırasına aid edilmiş və təzminat ödəmək məcburiyyətində qalmışdır. Amma bütün bunlara baxmayaraq Azərbaycanda kütləvi qırğınların olması xəbərini eşidən Türkiyənin müdafiə naziri Ənvər Paşa çıxış yolu axtarmağa başladı və kiçik qardaşı Nuru Paşanın başçılığı altında guya mərkəzə tabe olmaqdan boyun qaçıraraq İslami dəyərlərə üz tutmuş bir ordu Azərbaycana doğru hərəkət edir. Təxminən 20 gün ərzində ordu Gəncəyə çatır və şəhərdə yerləşir, ordunun yenidən təchizatı başlayır. Eyni zamanda 3 minə yaxın azərbaycanlının olduğu dəstənin ordu şəklində formalaşdırılmasına başlanılır. İyul ayına qədər Nuru Paşa bütün hazırlıqlarını başa çatdırır. Bu zaman isə daşnakların və bolşeviklərin birləşmiş ordusu Kürdəmir istiqamətində hücuma keçmişdi. Nuru Paşa isə Gəncədən Yevlağa gəlir, buradan isə Kürdəmirə doğru hərəkət edir. İndiki Qaraməryəm qəsəbəsi ərazisində Nuru Paşanın qoşunları ilə daşnakların və bolşeviklərin birləşmiş ordusu arasında döyüş baş verir. Bir günə yaxın davam edən döyüşlərdən sonra daşnakların və bolşeviklərin birləşmiş ordusu darmadağın edilir. Məğlub olan birliklər Bakı istiqamətinə qaçmağa başlayırlar, türk ordusu isə onları təqib etməyə başlayır. Avqust ayının sonlarına yaxın Nuru Paşa artıq Bakının "Qurd qapısı" deyilən əraziyə, yəni Lökbatan ərazisinə gəlib çatır. Bu müddət ərzində türk qoşunları ilə birlikdə döyüşdə iştirak edən 3 minlik Azərbaycan ordusuna Bakı ətrafı kəndlərdən xeyli insan qoşulur və ordunun sayı 10 minə çatır. Avqustunun axırları sentyabrın əvvəllərində türk qoşunları ilə birləşən Azərbaycan milli ordusu Bakını işğaldan azad etmək üçün hücuma keçirlər. Sentyabrın 15-də Bakı tamamilə daşnak və bolşeviklərin işğalından azad olunur. Milli Hökumət isə təcili olaraq Gəncədən Bakıya köçürülür.


- Nuru Paşanın Bakının işğaldan azad edilməsindən sonra öz hakimiyyətini qurması, qayda-qanunları öz istəyinə əsasən yaratması və digər vəziyyətlərlə bağlı ziddiyyətli fikirlər səsləndirilir. Əslində reallıq necədir?


- Nuru Paşanın türk-islam dünyasını birləşdirmək kimi utopik bir ideyası var idi. O, bu ideyalarını gerçəkləşdirmək üçün Azərbaycanın istiqlaliyyətindən vaz keçməyin tərəfdarı idi. O zaman Müsavat Partiyası və digər partiyalar ölkənin istiqlalını elan etməsini, Azərbaycan Milli Şurasının istiqlal uğurunda mübarizə aparması və Milli Şuranın Azərbaycan Parlamentinə çevrilməsi Nuru Paşanın xoşuna gəlmirdi. Həmin dövrdə İttihadçılar Partiyası da ölkədə fəaliyyət göstərirdi. Həmin partiya isə Azərbaycanın Türkiyə birləşdirilməsi şüarları ilə çıxış edirdi. Onlar Nuru Paşanın dedikləri tezisləri təkrarlayırdılar. Nuru Paşa düşünürdü ki, tezliklə bütün türk dünyası birləşəcək və yeni bir dövlətin yaranmasına ehtiyac yoxdur. Bütün bunlar isə yerli hökumətlə ziddiyyətlərə, hətta bəzən qarşıdurmalara gətirib çıxarırdı.


- Nə baş verdi ki, qan tökməklə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusu gözlənilmədən Azərbaycanı tərk edib?


- Almaniya Türkiyəyə davamlı olaraq təzyiqlər edirdi ki, ordusunu Azərbaycandan çıxarsın, çünki Rusiya Bakı neftini ələ keçirmək üçün "dişlərini qıcamışdı". Nəhayət Bakının işğaldan azad edilməsindən 2 ay 15 gün sonra Paşa qoşunları ilə birlikdə Türkiyəyə yola düşür.

Nuru Paşanın həyatı çox faciəli olur. O sonradan yenidən kiçik bir dəstə ilə Azərbaycanda keçərək güya türk-islam birliyi yaratmaq üçün Orta Asiyaya gedir. Burada da ordusunun bir hissəsi döyüşlərdə qırılır. Özü isə sui-qəsd nəticəsində qətlə yetirilir.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com