İmişlidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkı yenidən qurulur - FOTO
İmişlidə ümummilli lider Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ən müasir tələblərə cavab verən və göz oxşayan şəkildə əsaslı olaraq yenidən qurulur. SİA-nın Aran bürosunun müxbirinə quruculuq işləri barəsində məlumat verən İmişli rayon İcra Hakimiyyəti başçısının müavini Şahin Əzizov bildirib ki, ulu öndər Heydər Əliyevin adını daşıyan park rayon rəhbərliyinin təşəbbüsü ilə yenidən qurulur: "Parkın ərazisi genişlənərək 18 min kvadratmetr olmaqla 3 giriş qapısı olacaq. 10 min kvadratmetr əraziyə tamet döşənəcək. 7070 kvadratmetr ərazini yaşıllıq zolağı əhatə edəcək. Eyni zamanda parkda 60 ədəd skamya qoyulacaq ki, hər birinin yanında xaricdən gətirilən, hündürlüyü 2 metr olan 1 plafonlu 60 ədəd, digər əraziləri işıqlandırmaq üçün isə 20 ədəd 3-5 plafonlu işıq dirəkləri quraşdırılacaq. 930 kvadratmetrlik ərazini bəzəkli və müxtəlif formada olan fantan kompleksi əhatə edəcək. Əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün mədəni kütləvi tədbirlərin təşkili məqsədilə 500 nəfərlik oturacaqdan ibarət konsert kompleksinin tikintisinədə artıq start verilib".
Ş. Əzizov Parkın ərazisində tikinti üçün ən müasir avadanlıqların quraşdırılacağını və ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında mərmər üzlük daşlardan istifadə olunacağını diqqətə çatdırıb: "Yaşıllıqların suvarılması üçün suvarma sistemi yaradılacaq. Park bütövlüklə hasara alınacaq. Artıq sentyabr ayının əvvəlindən "ORİON- E" MMC şirkəti tərəfindən tikinti işlərinə başlanılıb və oktyabrın sonu noyabr ayının əvvəlində işlər yekunlaşacaq. Hazırda işlər sürətlə davam edir. Parkın smeta dəyəri 1 milyon 548 min 710 manatdır".
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB