Rayonlardan paytaxta sərnişin axını artıb

Rayonlardan paytaxta sərnişin axını artıb
Dərs ilinin ilk günündə paytaxt ərazisində əhalinin sıxlığı diqqəti çəkir. İnsan çoxluğu xüsusilə özünü nəqliyyat vasitələrində göstərir. İndi avtovağzal və dəmir yolu vağzalında sərnişinlərin sayı artıb.
Nəqliyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, dərs ilinin başlanması ilə rayonlardan paytaxta sərnişin axını artıb: "Bakı Beynəlxalq Avtovağzal Kompleksində hazırda sərnişinlərin sayının 40 faiz artması müşahidə edilir. Bu səbəbdən də nəqliyyat vasitələri ilə bağlı tədbirlər görülür. Belə ki, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə şəhərdaxili və rayonlararası sərnişindaşımada əlavə xətlər açılıb və avtobusların sayı artırılıb. Avtobusların dayanacaqlara rahat giriş-çıxışını təmin etmək məqsədilə təhlükəsizlik tədbirləri gücləndirilib".
Dövlət Dəmir Yolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov da son günlər qatarlarla paytaxtda gələnlərin çoxaldığını dedi: "Hazırda dəmiryol idarəsi gücləndirilmiş iş rejimində işləyir. Sərnişin çoxluğu son bir həftədə daha çox müşahidə edilir".

Bütün xəbərlər Facebook səhifəmizdə