Ombudsmanın ünvanlandığı növbəti sorğu üzrə Konstitusiya Məhkəməsi qərar qəbul edilib

Ombudsmanın ünvanlandığı növbəti sorğu üzrə Konstitusiya Məhkəməsi qərar qəbul edilib

Məlum olduğu kimi, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün bu məhkəməyə müraciət etmək hüququna malikdir. SİA-nın xəbərinə görə, müvəkkil sözügedən səlahiyyətindən də mütəmadi olaraq istifadə edərək, insan hüquq və azadlıqlarının təmininə töhfəsini verməkdədir. Ombudsmanın Konstitusiya Məhkəməsinə unvanladığı 20 sorğudan 11-ə adıçəkilən qurumun Plenumu tərəfindən baxılaraq qərarlar qəbul edilib, səkkiz iş üzrə Palata tərəfindən istər nəzəri, istərsə də təcrübi əhəmiyyət kəsb edən, genişləndirici şərhləri özündə ehtiva edən qərardadlar qəbul olunub. Bir sorğu üzrə isə Palata tərəfindən Plenumda baxılmaq üçün qərardad qəbul edilib.

Müvəkkilin Konstitusiya Məhkəməsinə ünvanladığı növbəti sorğusu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 316-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 147 və 149-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair olub. Belə ki, Mülki Məcəllənin 316-cı maddəsinin (İpoteka saxlayanın tələbdən və ya ipotekadan imtinası) tələbinə görə, əgər ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina edirsə, kreditor mülkiyyətçiyə çevrilir. İmtina bu şərtlə hüquqi qüvvəyə malik olur ki, daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınsın.

İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz əşyanı və ya rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyanı ipotekaya qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda, ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Verilən anlayışdan məlum olur ki, ipoteka müqaviləsində iki tərəf iştirak edir: ipoteka qoyan (borclu) və ipoteka saxlayan (kreditor). Əşyanı ipoteka qoyan yalnız onun mülkiyyətçisi ola bilər. Göstərilən qisimdə adətən əsas öhdəlik üzrə borclu şəxs çıxış edir. Lakin ipoteka qoyan üçüncü şəxs də ola bilər. İkinci tərəf isə - ipoteka saxlayan adlanır. İpoteka saxlayan ipoteka hüququ olan şəxsdir. Ona kreditor da deyilir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs başa düşülür. Bütün hallarda kreditor və ipoteka saxlayan eyni şəxs olurlar, yəni ipoteka saxlayan rolunda yalnız kreditor çıxış edə bilər.

Mülki Məcəllənin 316-cı maddəyə görə, ipoteka saxlayan (kreditor) ipoteka ilə təmin edilmiş öz tələbindən və ya bunun nəticəsində yaranmış ipotekadan imtina edə bilər və bu imtina nəticəsində kreditor mülkiyyətçiyə çevrilir. Bu maddənin ipoteka saxlayanın imtina hüququ nəticəsində "kreditorun mülkiyyətçiyə çevrilməsi" barədə göstərişi çox ziddiyyətlidir. Belə ki, kreditor və ipoteka saxlayan eyni şəxsdir və ipoteka saxlayanın ipotekadan və ya tələbdən imtinası onun özünün mülkiyyətçiyə çevrilməsi ilə nəticələnə bilməz. Bu, Mülki Məcəllə, Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktların norma və müddəalarına ziddir.

Bütün bunları nəzərə alaraq, Ombudsman adı çəkilən sorğunu Konstitusiya Məhkəməsinə ünvanlamışdır. Həmin sorğu ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu 15 iyul 2011-ci il tarixdə Qərar qəbul edərək, onu təmin edib, həmin Qərar rəsmi mətbuat səhifələrində dərc edilib. Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilir ki, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Mülki Məcəllənin 316-cı maddəsinə dair sorğusu bu normanın gələcəkdə tətbiqi nəticəsində mülki hüquq subyektlərinin Konstitusiyada və mülki qanunvericilikdə təsbit olunan mülkiyyət hüquqlarının müdafiəsinə yönəlib.

Qərarın nəticə hissəsində göstərilir ki, Mülki Məcəllənin 316-cı maddəsinin ipoteka institutunun mahiyyətinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda formalaşdırdığı hüquqi mövqeyinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Müvəkkil insan və vətəndaş hüquq və azadlıqlarının daha dolğun təmin edilməsi üçün bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fəaliyyətini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə