Ombudsman Beynəlxalq Sülh Günü münasibətilə bütün dünya ictimaiyyətinə müraciət ünvanlayıb

Ombudsman Beynəlxalq Sülh Günü münasibətilə bütün dünya ictimaiyyətinə müraciət ünvanlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Azərbaycan Sülh və İnkişaf Alyansı ilə birgə 21 sentyabr-Beynəlxalq Sülh Günü münasibətilə bütün dünya ictimaiyyətinə müraciət ünvanlayıb. SİA-nın xəbərinə görə, müraciətdə deyilir: "Biz, özündə onlarla qeyri-hökumət təşkilatlarını, əhalinin müxtəlif qruplarını və dini icmaları birləşdirən, dövlət qurumları və beynəlxalq təşkilatlarla sülh mədəniyyətinin təbliği, sülh təşəbbüslərinin həyata keçirilməsi sahəsində əməkdaşlıq edən Azərbaycan Sülh və İnkişaf Alyansı olaraq, BMT-nin əsas vəzifələri sırasında universal sülhün möhkəmləndirilməsi üçün zəruri tədbirlər görmək, beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq, bu məqsədlə sülhə təhlükənin qarşısını almaq üçün, təcavüz aktlarını və digər sülhün pozulması hallarını aradan qaldırmaq üçün səmərəli tədbirlər görmək, sülhün pozulmasına gətirib çıxara bilən münaqişələrin dinc vasitələrlə ədalətli şəkildə və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq nizamlanmasının mühüm yer tutduğunu nəzərə alaraq, dünya səviyyəsində etnik təmizləmə təcrübəsinin qadağan olunması və onu törədənlərin cəzalandırılması zəruriliyiniqeyd edərək, müharibə və fəlakətlərin yaratdığı təhlükələrlə üzləşən, acınacaqlı vəziyyət yaşayan ölkələrə dəstək verilməsinin zəruriliyini bir daha önə çəkərək, erməni təcavüzü nəticəsində torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan çox qaçqın və məcburi köçkünlərinin pozulmuş hüquqlarının müdafiəsini, öz doğma yurd-yuvalarına qayıtmasını gözləyən, silahlı münaqişədən dinc əhalisi əziyyət çəkən ölkə olaraq, "Dinlər – sülh körpüsü" ideyası iləçıxış edərək, BMT Baş Katibi cənab Ban Ki Munun Beynəlxalq Sülh Günü ilə bağlı dünya dövlətlərinə müraciətini və sülhə çağırışınınəzərə alaraq,

Bu Müraciəti qəbul edirik:

BMT-nin bütün üzvləri öz beynəlxalq münasibətlərində hər-hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və yaxud Təşkilatın məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyi götürmüşlər, lakin hələ də bir çox ölkələrdə dinc əhali müharibə və münaqişə həyatını yaşayır, insanlar yaşadıqları doğma yurd-yuvalarından didərgin düşür, öldürülür, zorakılıqlara məruz qalır, kobud şəkildə öz hüquq və azadlıqlarından məhrum olurlar.

İnsan hüquqları, bərabərlik, inkişaf, azad cəmiyyət və insani dəyərlərin özülündə dayanan sülh məfhumu bu gün cəmiyyətimizdə həllini gözləyən ən vacib məsələlərdəndir.

İkili standartlar nəticəsində müsəlman dövlətləri münaqişə ocaqlarına çevrilir, əhalisi ağır itkilərə məruz qalır. Bu baxımdan Ermənistanın Azərbaycana qarşı 20 ildən çox davam edən təcavüzü nəticəsində torpaqlarının beşdə bir hissəsi zəbt olunmuş, 1 milyonadək insan öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmiş, on minlərlə soydaşımız ermənilər tərəfindən törədilən soyqırım aktlarının, kütləvi qırğınların və etnik təmizləmənin qurbanı olmuş, minlərlə yaşayış məntəqəsi, təhsil, səhiyyə və digər ictimai obyektlər, habelə tarixi-mədəni abidələr məhv edilmişdir. Eyni zamanda minlərlə soydaşımız itkin düşmüş, əsir və girov götürülmüş, atəşkəs rejiminə baxmayaraq bu proses bu gün də davam edir, uşaqlar, qadınlar, qocalar və bütövlükdə əhali uzun müddətdir ki, bu silahlı münaqişədən əziyyət çəkir.

Elə bu il, 8 mart tarixində 9 yaşlı Fariz Bədəlovun Ermənistan tərəfindən işğal olunmuş Ağdam rayonu ərazisindən snayper tüfəngindən açılmış atəş nəticəsində qətlə yetirilməsi, ermənilər tərəfindən çayla Azərbaycan ərazisinə axıdılan partlayıcı qurğu quraşdırılmış oyuncağın partlaması nəticəsində Tovuzda 14 iyul tarixində 13 yaşlı Aygün Şahmalıyevanın faciəli ölümü erməni qəddarlığını bir daha sübut edir. Buna çoxsaylı misallar göstərmək olar.

Beləliklə, Ermənistanın Azərbaycana qarşı apardığı işğal və soyqırım siyasəti nəticəsində insanların əsas hüquq və azadlıqları, xüsusən də yaşamaq hüququ, o cümlədən də fundamental kollektiv hüquqlardan olan sülh hüququ və inkişaf hüququ davamlı olaraq kütləvi və kobud şəkildə pozulur.

Bu gün uzun sürən sülh danışıqları, nüfuzlu beynəlxalq təşkilatların (BMT, Avropa Şurası, ATƏT-in Minsk qrupu və digər qurumlar) problemin həllində vasitəçilik missiyası hələ də məsələnin həllində öz müsbət nəticəsini vermir.

Bu baxımdan BMT Təhlükəsizlik Şurasının 1993-cü il822, 853, 874, 884 saylı qətnamələri, habeləAzərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan işğal olunmuş Dağlıq Qarabağla bağlı münaqişənin həll edilməsi, regionda sülh və təhlükəsizliyə təhlükə yaradan bütün hərbi əməliyyatların dayandırılması, atəşkəsin təmin olunması, həmçinin bütün işğalçı erməni qüvvələrinin Azərbaycan torpaqlarından şərtsiz çıxarılmasını nəzərdə tutan BMT Baş Assambleyasının14 mart 2008-ci il tarixliqətnaməsi, Avropa Şurası, ATƏT tərəfindən qəbul edilmiş beynəlxalq hüquqi sənədlər hələ də icra olunmur.

Hazırda havadarlarına arxalanan Ermənistan davamlı olaraq beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini pozur, qeyri-konstruktiv mövqe nümayiş etdirir, bu gün də Azərbaycana qarşı etnik təmizləmə siyasəti yürüdülür, atəşkəs rejimi mütəmadi olaraq pozulur, bunun da nəticəsində azərbaycanlı hərbi qulluqçular və sərhədyanı bölgədə yaşayan mülki vətəndaşlar həlak olur, işğal altında olan torpaqlarımızda mövcud zəngin təbii sərvətlər, mədəni irsimiz mənimsənilir, meşə zolaqları yandırılır, nadir tarixi və dini abidələrimiz amansızcasına dağıdılır və vandalizmə məruz qalır.

Belə bir vaxtda sülhyaratma proseslərinə dəstək verilməli, sülhü qoruyub saxlamaq, xalqların rifahını yüksəltmək istiqamətində bütün səylər birləşdirilməlidir. Davamlı inkişafa gedən birbaşa yol məhz sülh, ədalət, tolerantlıq və qanunun aliliyindən keçir. Elə qeyd etdiyimiz "21 sentyabr – Beynəlxalq Sülh Günü" də, bütün dünyada, o cümlədən ölkəmizdə əlamətdar gün kimi ona görə qeyd olunur ki, insanların sülh diləyinin, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsi yalnız sülh şəraitində mümkündür.

BMT Baş Assambleyasının 39/11 saylı 12 noyabr 1984-cü il tarixli qətnaməsi ilə qəbul edilən Bəyannaməsində də sülh hüququna xüsusi status verilərək bu hüquq heç bir ayrı-seçkiliyə yol verilmədən insanların müqəddəs hüququ kimi bəyan edilmişdir. Bu isə sülh hüququnun təmin edilməsinin zəruri olduğunu bir daha təsdiq edir. 1995-ci il UNESCO-nun Dözümlülük haqqında Prinsiplər Bəyannaməsində də deyildiyi kimi, tolerantlıq, sülh, ədalət, qarşılıqlı anlaşma və ehtiram üçün əsas təməl rolunu oynayan dözümlülük "sülhü mümkün edərək müharibə mədəniyyətinin sülh mədəniyyəti ilə əvəz olunmasını təbliğ edir". Bu Bəyannamələr hər bir dövlətin üzərinə sülhün təmini və qorunması öhdəliyini qoyur. Çox təəssüflər olsun ki, bu gün Ermənistan və bir sıra digər ölkələr bu öhdəliyə əməl etmirlər.

Beynəlxalq Sülh Bürosunun üzvü olan, ölkədaxili və beynəlxalq miqyasda davamlı fəaliyyət göstərən Azərbaycan Sülh və İnkişaf Alyansı olaraq, dünyada törədilən bütün müharibələri, terror və faciələri, Ermənistanın ölkəmizə, xalqımıza qarşı uzun müddətdən bəri davam edən təcavüzünü pisləyir, bunu dünyada və Cənubi Qafqaz regionunda sabitliyə, sülhyaratma proseslərinə təsir edən neqativ amil hesab edir, dünya ictimaiyyətini, beynəlxalq qurumları, o cümlədən dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından olan BMT-ni münaqişənin sülh yolu ilə həllində əməli tədbirlər görməyə, Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə, ərazi bütövlüyünün bərpasında kömək göstərməyə çağırırıq.

BMT Baş Məclisinin bu günlərdə işə başlamış 66-cı sessiyasının gündəliyinə daxil edilən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi zamanı da BMT-nin, eləcə də müxtəlif dövlət nümayəndələrinin qətiyyətli mövqe nümayiş etdirmələrini gözləyir və ümidvarıq ki, Azərbaycanın ərazi bütövlüyünü, öz doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimizin pozulmuş hüquqlarının bərpa edilməsini, əsir və itkin düşmüş soydaşlarımızın hüquqlarını özündə əks etdirən qətnamə qəbul olunacaq və bu sənəd kağız üzərində qalmayacaqdır.

BMT-nin Baş Katibi Ban Ki Munun "Biz, Birləşmiş Millətlər Təşkilatı olaraq, hər kəs üçün ləyaqət, təhlükəsizlik və imkanlar kimi ortaq arzularımızın reallaşması üçün çalışacağıq" sülh mesajını nəzərə alaraq tələb edirik ki, beynəlxalq təşkilatlar ölkəmizə qarşı erməni təcavüzünə son qoyulmasında və dünyada baş verən münaqişələrin həllində iradə nümayiş etdirsinlər.

Eyni zamanda uzun illər boyu beynəlxalq hüquq normalarını pozan Ermənistan dövləti qarşısında BMT-nin üzvü olaraq bu normalara riayət edilməsi tələbi qətiyyətlə irəli sürülməlidir.

Bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar tərəfindən sülhün bərqərar olması üçün daha qətiyyətli tədbirlərin görülməli, dünyada baş verən təcavüz aktlarına kəskin münasibət bildirilməlidir.

Bu müraciət Ombudsmanın Azərbaycan Sülh və İnkişaf Alyansı ilə birgə keçirdiyi dəyirmi masada qəbul edilib. Müraciət BMT-nin Baş Katibi, BMT-nin Təhlükəsizlik Şurası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Avropa Birliyi, Avropa Şurası, ATƏT, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycan Respublikasının xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə