Ombudsman YUNİSEF-in regional direktorunun müavini ilə görüşüb

Ombudsman YUNİSEF-in regional direktorunun müavini ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova YUNİSEF-in Mərkəzi, Şərqi Avropa və MDB ölkələri üzrə regional direktorunun müavini xanım Kirsi Madin ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard iştirak edib. Müvəkkil qonaqları salamlayıb, Ombudsman təsisatının fəaliyyəti barədə ətraflı məlumat verib, uşaq hüquqlarının müdafiəsi, təmini və təbliğinə də böyük diqqət yetirildiyini, YUNİSEF-in ölkəmizdəki nümayəndəliyi ilə sıx, qarşılıqlı əlaqələrin qurulduğunu vurğulayıb. Təsisatda əhalinin müxtəlif qrupları üzrə ixtisaslaşdırılmış müşavirlər institutunun yaradıldığı, Müvəkkilin uşaq hüquqları üzrə də müşavirinin fəaliyyət göstərdiyi vurğulanıb.

Ombudsman Azərbaycan tərəfindən çoxsaylı beynəlxalq konvensiyaların, o cümlədən uşaq hüquqları sahəsində beynəlxalq-hüquqi sənədlərin ratifikasiya edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Müvəkkil Avropa Şurasının Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Konvensiyasının ölkəmiz tərəfindən imzalandığını nəzərə alaraq, bu konvensiyanı Milli Məclisin ratifikasiya etməsini, həmçinin "Uşaqların cismani cəzadan müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunmasını təklif edib.

Müvəkkilin təşəbbüsü və Təhsil Nazirliyi ilə razılaşma əsasında Bakının üç pilot məktəbində şagirdlərin iştirakı ilə uşaq hüquqları üzrə pilləli tədrisin həyata keçirildiyi, bu təcrübənin yüksək dəyərləndirilərək həmin təhsil ocaqlarında ilk Uşaq Hüquqları Tədrisi Mərkəzləri yaradıldığı, qarşıdan gələn yeni dərs ilinin ilk günlərindən respublikamızın səkkiz ümumtəhsil məktəbini əhatə etməklə pilləli tədrisin davam etdiriləcəyi diqqətə çatdırılıb. Bakı Dövlət Universitetinin tələbələri üçün insan hüquqları üzrə mühazirələrin oxunduğu bildirilib. Təsisatda uşaq hüquqları üzrə nəşrlər, pilləli tədris üzrə dərslik və dərs vəsaiti, habelə plakatlar hazırlandığı və maarifləndirmə tədbirlərində əyani vəsait kimi istifadə olunduğu nəzərə çatdırılıb, bu sahədə yeni tədris proqramlarının tərtib olunmasının zəruriliyi vurğulanıb.

E.Süleymanovanın üzv seçildiyi Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsində (ENOC) Azərbaycan Ombudsmanının təklifi üzrə Avropa Uşaq Təşkilatları Şəbəkəsinin (ENYA) yaradıldığı və onun tərkib hissəsi olan Elektron Forumunda Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvlərinin də fəal iştirak etdiyi vurğulanıb. Ombudsman uşaqlara qarşı fiziki və mənəvi, psixoloji zorakılığın yolverilməz olduğunu, bu cür xoşagəlməz hallarla mübarizənin gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb, həmin ağrılı problemin həllinə birgə səylərlə nail olmağın mümkünlüyünü söyləyib.

E.Süleymanova qonağın Ombudsmanın dörd regional mərkəzinin fəaliyyəti ilə bağlı sualını cavablandıraraq, bu mərkəzlərin yerlərdə insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi üzrə geniş hüquqi maarifləndirmə işi apardığını, bu mərkəzlərin əməkdaşlarından birinin Müvəkkilin uşaq hüquqları üzrə müşaviri təyin edildiyi bildirilib. Müvəkkil vaxtilə YUNİSEF-in dəstəyi ilə yaradılıb, Təhsil Nazirliyinin balansında olan 26 uşaq resurs mərkəzinin fəaliyyətinin genişləndirilməsinin, Ombudsmanın regional ofisləri nümayəndələrinin burada iştirakının, həmin mərkəzlərin fəaliyyətinin uşaq hüquqlarının təbliğinə yönəldilməsinin vacibliyini vurğulayıb. Həmin mərkəzlərin uşaq hüquqları mərkəzləri adlandırılması, rəhbərləri üçün bu sahədə treninqlərin keçirilməsi, onlara uşaq hüquqları ilə bağlı davamlı proqramın verilməsinin, regionlarda uşaq hüquqları ilə məşğul olan QHT-lər yaradılmasının zəruriliyi qeyd olunub. Qonağın Ombudsmanın regional mərkəzlərinin fəaliyyəti, Uşaq Hüquqları Konvensiyasının implementasiyası ilə bağlı müstəqil monitorinqin keçirilməsi üzrə Müvəkkilin fəaliyyəti, təsisatda uşaq hüquqları ilə bağlı yaradılan qaynar xətlə bağlı sualları ətraflı cavablandırılıb.

K.Madi səmimi qəbul üçün təşəkkür edib, Ombudsmanın insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində fəaliyyətini, dinamik, çevik iş tərzini, innovativ təşəbbüslərini, strategiyalarını yüksək qiymətləndirib, aldığı məlumatlardan məmnun olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə