Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən "Qaynar xətt"i (539-18-63, 538-13-35) vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozmaları və digər ekoloji hallar barədə müraciətlər qəbul edilir.
2011-ci ilin avqust ayı ərzində ETSN-nin "Qaynar xətt"inə 94 müraciət daxil olmuş və Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb.
SİA-nın nazirliyin mətbuat xidmətindən aldığı xəbərə görə, ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş 16 müraciət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 7 şikayət üzrə fakt təsdiqlənmiş və qanunamüvafiq tədbirlər görülüb. 8 müraciət öz təsdiqini tapmayıb, 1 müraciət isə icradadır.
Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 42 müraciətə yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilib.
Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, səs-küy, elektromaqnit şüalanması və meşələrin qanunsuz qırılması ilə əlaqədar daxil olmuş 36 müraciətdən 13-ü ilə bağlı qanunamüvafiq tədbirlər görülüb, 6 müraciət icradadır. 17 müraciət isə Nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmayıb və həmin ərazilər nəzarətə götürülüb.
Araşdırmalar zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB