Mübariz Əhmədoğlu: “Ərdəbil imam cüməsinə görə MTN və DSX İran-Əfqanıstan sərhədinə nəzarət etməlidir” - MÖVQE

Mübariz Əhmədoğlu: “Ərdəbil imam cüməsinə görə MTN və DSX İran-Əfqanıstan sərhədinə nəzarət etməlidir” - MÖVQE

Siyasi İnnovasiya vəTexnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bildirib ki, Ərdəbilin imam cüməsi, İranın Ali dini liderinin Ərdəbil Ostanlığı üzrə səlahiyyətli nümayəndəsi Seyid Həsən Amili sentyabrın 10-da Ərdəbil şəhərinin mərkəzi məscidində etdiyi moizədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətini və Milli Təhlükəsizlik Nazirliyini kəskin tənqid edib. SİA-nın "OLAYLAR"a istinadən verdiyi xəbərdə bildirilir ki, 35 dəqiqəlik moizənin təxminən 15 dəqiqəsi bu mövzuya həsr olunub. Sən demə, Dövlət Sərhəd Xidməti İran-Azərbaycan sərhədindən narkotik maddələri keçirməklə məşğul imiş. Narkotik maddələri İran ərazisində qəbul edən DSX onu Azərbaycan ərazisinə keçirən kimi MTN-ə verirmiş. "Əhsən"! Sadə camaatın başını aldatmaq üçün gözəl təbliğat şablonudur. S.H.Amili dəqiq bilir ki, sərhəddə yaşayan əhali bu məlumatla tanış olduqdan sonra Əfqanıstan mənşəli narkotikin İran-Azərbaycan sərhəddində necə peyda olması ilə qətiyyən maraqlanmayacaq.

Azərbaycan Respublikasının müsbət reputasiyalı və peşəkar iki qurumunun S.H.Amili tərəfindən indiki dövrdə tənqidə məruz qalmasını təsadüfi hesab etmək lazım deyil. Amili Azərbaycan Respublikası ilə ən uzun coğrafi təmasa malik İran vilayətinin rəhbəridir. Ərdəbil camaatında Azərbaycanla bağlı mənfi imic yaratmaq onun ən əsas funksiyasıdır. Bununla Amili həm də DQ münaqişəsinin dinc yolla tənzimlənməsində İrandakı soydaşlarımızın iştirakına maneçilik edir.

Cari səbəblər də ola bilər: MTN-in İranın hakimiyyət dairələrinə yaxın hansısa bir narkotranzit qrupunu zərərsizləşdirdiyini düşünmək olar. İranda hər şey, o cümlədən narkomafiyada hakimiyyətin nəzarəti altında fəaliyyət göstərir. Və ya 15 sentyabr dərs ilinin başlanması ilə əlaqədar İranın hansısa qara niyyətinin üstü MTN tərəfindən açılıb, DSX müəyyən adamların ora-bura keçməsinə imkan vermir.

Hər-halda Amilinin bu fikirlərindəki qüsurları savadsızlığın və ya məlumatsızlığın nəticəsi hesab etmirik. Çünki biz S.H.Amiliyə savadsız deyə bilmərik. Söhbət heç də onun tutduğu vəzifədən getmir; vaxtımız olanda moizələrinin lent yazısına qulaq asırıq. Belə çıxır ki, S.H.Amili bu fikirləri deməyə məcburdur, amma o fikrində olan bəzi mətnaltı məsələləri isə açıq deyə bilməz. Ona görə MTN və DSX ilə bağlı söylədiyi fikirlər belə məntiqsiz alınıb. Yəni S.H.Amili məlumatlı adam olduğu üçün bilir ki, İran-Azərbaycan sərhəddində dövriyyədə olan narkotik maddələr İran mənşəlidir. Ona görə də bu narkotik başqa sərhəd qapısı tanımır. Elə lap, bəlkə də narkotik Ərdəbil mənşəlidir və dərhal Ərdəbildən keçən İran-Azərbaycan sərhədinə toplaşır. Bu məsələnin ən mötəbər mənbələrindən biri Amilidir. Əgər o deyirsə, demək, düzgündür. Yox, əgər narkotik Əfqanıstan mənşəlidirsə, o zaman sual çıxır: Amerikanı, İsraili, Türkiyəni, hətta yeri gəlsə, Rusiyanı bir neçə gün ərzində məhv etməyə gücü çatan İran niyə Əfqanıstanla olan sərhəddinə nəzarət edə bilmir. Əfqan mənşəli narkotikin İran-Azərbaycan sərhəddinə gəlməsi üçün həmin narkotik maddə İran-Əfqanıstan sərhədini keçməlidir. Qəbul edək ki, İran-Azərbaycan sərhəddində Azərbaycanın MTN-i və DSX-sı narkotik ticarətlə məşğuldur; bəs, İran-Əfqanıstan sərhəddində bu işlə kim məşğuldur? Bəlkə elə həm İran-Əfqanıstan, həm də İran-Azərbaycan sərhəddində bu işlə məşğul olan İran hərbçiləridirlər.

Amma S.H.Amilinin dediyində ayrı kontekst var. Ərdəbil şiəliyin baş şəhəridir, mənbəyidir. Amma bu elə də özünü göstərmir. Elə Amilini də bəlkə buna görə həmin şəhərə imamcümə təyin ediblər ki, həm Ərdəbilin şiəliyin mənşəyi olması görünməsin, həm də Ərdəbil əhalisinə Azərbaycan Respublikası haqqında yeri gəldi, gəlmədi yalan, neqativ informasiyalar səpələnsin. Sonuncu funksiyanı Ərdəbilin imam cüməsi çox məharətlə yerinə yetirir. Bütün moizələrində Azərbaycan Respublikası ünvanına neqativ tutumlu məlumatlar yayır. Ola bilər, buna görə S.H.Amili başqa bir tərəfdən Azərbaycan Respublikasına gücünü və ya qüdrətini artıq və ya şişirdilmiş formada göstərməyə ehtiyac hiss edir. Ona görə də İran-Əfqanıstan sərhəddində baş verənlərə məsuliyyətini Azərbaycanın MTN-i və DSX-sının boynuna qoyur.

Azərbaycan DSX-sının sərhədçi zabitinin ölümü ilə bağlı Azərbaycan Respublikasının rəsmilərinin susması haqqında S.H.Amilinin iddiası da yalandır. DSX sədri E.Quliyev o hadisədən sonra İranın ünvanına ən azı iki dəfə kəskin sərt bəyanat səsləndirmişdir. E. Quliyev başa düşür ki, indi İran üçün geosiyasi vəziyyət gərgindir. İran-Azərbaycan sərhədinin gərginlik mənbəyi kimi təqdim olunması İran üçün faciəvi ola bilər. Biz İranın faciəsinin qabağını alan deyilik, amma faciənin yaranmasında da iştirak etməyəcəyik. Ona görə əgər İran tərəfdən kimsə İran-Azərbaycan sərhədini gərginlik mənbəyi kimi ABŞ-a nümayiş etdirmək istəyirsə, bu artıq onların öz vicdanıdır. İranın yüksək eşelonunda ABŞ-a işləyən qüvvənin olması bizdə qətiyyən şübhə yaratmır.

Qayıdaq məsələnin digər kontekstinə: S.H.Amili İran-Əfqanıstan sərhəddinə nəzarət edən İran sərhədçilərini bacarıqsız hesab edirsə, Azərbaycan DSX-sı gedib oranı da nəzarət altına götürə bilər və ya rəsmi Tehran İran-Azərbaycan sərhədindəki hərbçilərini İran Əfqanıstan sərhəddində durmuş sərhədçilərini gücləndirməyə yollasın. İran-Azərbaycan sərhədinin hər iki tərəfdən qorunmasının məsuliyyətini Azərbaycanın üzərində olmasını İran tərəfi arzulayarsa, Azərbaycan DSX-sı bunu da öz üzərinə götürə bilər.

S.H.Amilinin MTN-lə bağlı dedikləri tamam ayrı dünyadır. Azərbaycanda ən təmiz və ən peşəkar qurumlardan olan MTN danışmır, iş görməklə məşğuldur. Açıqlamalarını isə uğurlu əməliyyatlarının ardınca yayır. Belə bir açıqlamanı təsəvvür edək: "Azərbaycan MTN-i digər Azərbaycan hüquq mühafizə orqanları ilə birlikdə Azərbaycan-Əfqanıstan sərhədinin "İran" adlanın inzibati ərazisində narkotik qaçaqmalçılığına qarşı uğurlu əməliyyat keçirərək, 1000 ton narkotik maddə müsadirə etmişdir. Bununla da MTN Azərbaycanın ərazi bütövlüyünə və dövlət suverenliyinə təhlükə yaradan ciddi təhlükəni aradan qaldırmağa nail olmuşdur".

S.H.Amili belə vəziyyəti arzulayırsa, çox əla. Amili Aslandüzdə Ərdəbil əhalisnin Qarabağin işğaldan azad edilməsi mitinqinin təşkilatçılığndan başlasaydı daha yaxşı olardı.


Bütün xəbərlər Facebook səhifəmizdə