Qouden Qalea: “Avropa regionunda alkoqolun istifadəsi xeyli yüksəkdir”

Qouden Qalea: “Avropa regionunda alkoqolun istifadəsi xeyli yüksəkdir”

Bu gün "Gülüstan" sarayında Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində brifinq keçirilib. SİA-nın verdiyi xəbərə görə, brifinqdə DST-nin Avropa Regional Komitəsinin qeyri-yoluxucu xəstəliklər və sağlamlığın möhləmləndirilməsi üzrə direktoru Qouden Qalea sessiyanın əhəmiyyətindən danışıb. Avropanın 53 ölkəsiindən 400-dək nümayəndənin iştirak etdiyi bu möhtəşəm beynəlxalq tədbirin təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirən qonaq qitənin 80 faiz əhalisinin qeyri-yoluxucu xəstəliklərdən əziyyət çəkdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu xəstəliklər xüsusilə Şərqi Avropada özünü daha kəskin büruzə verir.

Q.Qalea qeyd edib ki, qeyri–yoluxucu xəstəliklər əsasən ürək-damar, diabet, xərçəng və xroniki ağciyər xəstəlikləri sayılır. Tütün, alkoqol, hərəkətsizlik, düzgün qidalanmama bu xəstəliklərə səbəb olur. SSRİ dağılandan sonra MDB dövlətlərində ürək-damar xəstəlikləri çoxalıb. Yaxın 5 ildə bunun qarşısını almaq məqsədilə tədbirlər həyata keçirəcəyik. Bunun üçün uşaqlara tütün və spirtli içkilərin satışı qadağan ediləcəkdir.

Qonaq deyib ki, qeyri-yoluxucu xəstəliklərlə bağlı 2006-cı ildə xüsusi strategiya hazırlanıb. Sevindirici haldır ki, Qərbi Avropada son 5-10 ildə bu xəstəliklərin stabilləşməsi özünü göstərir. Əldə olunan nəticələr Şərqi Avropada qeyri-yoluxucu xəstəliklərin azaldılması üçün də tətbiq oluna bilər.

Brifinqdə bildirilib ki, Avropa regionunda alkoqolun istifadəsi xeyli yüksəkdir. Buna baxmayaraq, Qərbi Avropada bu proses sabitləşməyə doğru gedir. Təəssüf ki, Şərqi Avropada alkoqoldan istifadə edənlərin sayı çoxalmaqdadır.

DST-nin Avropa Regional Bürosunun kommunikasiya üzrə məsləhətçisi Viv Taylaor Gee sessiyada mühüm qərarlar qəbul ediləcəyini bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə