Elnur Əliyev: “Azərbaycan BMT-nin təhlükəsizlik şurasına üzv kimi seçilsə, gələcəkdə Ermənistana təsir baxımdan nailiyyətlərə sahib ola bilər”-MÜSAHİBƏ (SƏS TV)

Elnur Əliyev: “Azərbaycan BMT-nin təhlükəsizlik şurasına üzv kimi seçilsə, gələcəkdə Ermənistana təsir baxımdan nailiyyətlərə sahib ola bilər”-MÜSAHİBƏ (SƏS TV)

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Elnur Əliyevin SƏS TV-yə müsahibəsi:

- BMT-də müzakirə olunacaq qətnamə layihəsinin quruma üzv olan dövlətlər tərəfindən qəbulu nə dərəcədə gözləniləndir?

- İlk olaraq onu qeyd edim ki, Azərbaycan tərəfindən hazırda BMT-nin 66-cı sessiyasında Dağlıq Qarabağ məsələsinin müzakirəyə çıxarılmasının bir neçə səbəbləri var. Bildiyimiz kimi 65-ci sessiyada qətnaməni çıxartmadıq. Çünki ATƏT-in faktaraşdırıcı missiyasının hesabatından sonra çıxarılması düzgün olardı. Digər tərəfdən isə quruma üzv olan dövlətlər tərəfindən bu qətnaməyə münasibət necə olacaq? Azərbaycan dövləti bu sahədə çox planlı şəkildə işlər aparır. Bildiyiniz kimi, orada Azərbaycanla rəqib olan dövlətlər- Macarıstan və Sloveniya var. Onlarla müqayisə də Azərbaycan da öz namizədliyini irəli sürüb. Həmin dövlətlərin Azərbaycana səs verməsinin bir neçə səbəbləri ola bilər. İlk növbədə ona görə ki, Azərbaycan BMT-nin sülh və təhlükəsizliyinə öz töhfələrini verir. Azərbaycan BMT-nin inkişaf proqramında donor dövlət seçilib. Bu yaxınlarda da Azərbaycan Somaliyə öz köməkliyini etdi. Donor dövlət kimi seçilmək də müsbət cəhətdir. Çünki bu yolla BMT-nin rəğbətini qazanmaq önəmlidir. Bununla yanaşı Azərbaycan qoşulmamaq hərəkatının üzvüdür. Bu kimi amillər Azərbaycanın sessiyada qətnamənin qəbul olunmasına təsir edən amillərdən biridir. Onu da vurğulayım ki, Ermənistan istəyirdi ki Təhlükəsizlik Şurasının qeyri-rəsmi üzvlüyünə keçsin. Rəqabət apara bilməyəcəklərini görüb sonradan namizədliyini geri götürdülər.

- Dediyiniz kimi, hər iki qətnamə layihəsinin qəbulu realdır. Bu fakt bir daha Ermənistanın iflasına və ifşasına səbəb ola bilərmi?

- Bir az əvvəl dediyim faktlar ermənilərin ifşasıdır. Həmin qərarlar qəbul olunarsa, o zaman Azərbaycanı nələr gözləyir? Bu məsələyə aydınlıq gətirmək istəyirəm. Baxmayaraq ki, regionda güclənirik, ancaq hər zaman prezident İlham Əliyev müharibənin sülh yolu ilə həll olunmasını istəyir. Əgər Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına üzv kimi seçilsə, o zaman gələcəkdə Ermənistana təsir baxımdan hansısa nailiyyətlərə sahib ola bilər.

- BMT-nin çıxaracağı qətnamədən sonra Ermənistana qarşı beynəlxalq təşkilatlar tərəfindən sanksiyalar tətbiq oluna bilərmi?

- Düşünürəm ki, bu uzaq gələcəkdə olacaq. Əvvəlki illərə baxanda hazırda BMT-də Azərbaycanı dəstəkləyən dövlətlərin sayı artıb. Bunun da səbəbi Azərbaycanın regiondakı inkişafıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə