“İRƏLİ” İsmayıllıda bloqqerlər üçün seminar keçirib

“İRƏLİ” İsmayıllıda bloqqerlər üçün seminar keçirib

11 sentyabr 2011-ci il tarixində İsmayıllı rayonunda "İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzinin təşəbbüsü ilə bloqqerlər üçün açıq hava altında növbəti seminar həyata keçirilib.

"İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, WeBlog 1, 2 və 3 layihələrinin 30 nəfər iştirakçısının qatıldığı tədbirdə gənclər ilk öncə İsmayıllı rayonunda yerləşən Heydər Əliyev Mərkəzinə baş çəkmiş və orada fəaliyyət göstərən dərnəklərlə tanış olmuş, rayon gəncləri üçün yaradılmış şəraitdən olduqca məmnun qalıblar. Sonra İsmayıllı rayon Tarix Diyarşünaslıq müzeyini ziyarət edən iştirakçılar İsmayıllı rayonunun tarixi barədə ətraflı məlumat almış, rayon ərazisində tapılan eksponatlarla yaxından tanış olublar.

Daha sonra ekspertlər Əli Hacızadə və Hikmət Hüseynov tərəfindən "İnformasiya müharibəsi dövründə bloqlardan necə istifadə etməli?" mövzusunda açıq hava altında təlim keçilib. Təlimdə informasiya müharibəsi zamanı bloqların önəmi və ondan səmərəli istifadə olunması məsələlərinə toxunulub.

Xatırladaq ki, ötən ay "İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən Quba rayonunda 30 nəfər gənc bloqqer üçün açıq hava altında seminar keçirilib. Gənc bloqqerlər tədbir barədə təəsüratlarını öz bloqlarında bölüşüblər.

Qeyd edək ki, "İRƏLİ" İctimai Birliyi informasiya texnologiyaları ilə bağlı fəaliyyətə çox diqqət yetirir və təşkilatın şəbəkəsinə daxil olan insanların sayı 25 min nəfərdən artıqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə