\"Yeni Şəfəq\": \"Erməniləri tənqidə görə İranda azərbaycanlıları asarlar\"

\"Yeni Şəfəq\": \"Erməniləri tənqidə görə İranda azərbaycanlıları asarlar\"

"Əgər İranda yaşayan hər hansı bir azərbaycanlı Ermənistanı və bu ölkənin azərbaycanlılara qarşı etdiyi hərəkətləri tənqid edərsə, onu asarlar. SİA-nın məlumatına görə, bunu Türkiyənin "Yeni Şəfəq" qəzetinə müsahibəsində Azəri Həbib ləqəbi ilə təqdim olunmuş Azərbaycan əsilli İran şairi deyib. İranda azərbaycanlıların hüququ uğrunda mübarizə aparan 33 yaşlı şair və fəal ölkənin təzyiqi nəticəsində İrandan qaçmağa və Türkiyədə yaşamağa məcbur olub. Həbib Türkiyə qəzetinə rəsmi Tehran tərəfindən Azərbaycan əsilli vətəndaşlara göstərilən təzyiqdən də danışıb.

"İran və Ermənistan arasında formalaşmış münasibətlər səbəbilə Ermənistanı bu ölkənin bizə etdiklərinə görə mühakimə edə bilmərik. Əgər İranda mənim bu mövzudakı şerlərimi tapsalar, məni asarlar", - deyə şair bildirib və qeyd edib ki, onun dostlarından çoxu məhz bu səbəbədən İran həbsxanalarındadırlar.

"Bizim kitablarımız və qəzetlərimiz fars dilində nəşr olunur. Bizə doğma dildə yazmağa və oxumağa icazə verilmir. Baxmayaraq ki, biz əhalinin 55 %-ni təşkil edirik, lakin bizim öz dilimizdə yazmaq və oxumaq hüququmuz yoxdur",-deyən Həbib qeyd edib ki, İranda azərbaycanlılara qarşı təzyiqlər davam edir və onlar təhqir olunurlar.

"Bizə təzyiqlər davam edir. Qəzetlərdə bizi təhqir edirlər. Bizi əxlaqsız adamlar kimi təqdim edirlər və bizim ideyalara hörmət etmirlər. Filmlərdə bizə yalnız zibil tullayan rolunu verirlər. Biz bunlara etiraz olaraq öz səsimizi qaldırmışıq, lakin bəzilərimizi bunun üçün həbsxanalara salıblar",- deyə şair Həbib bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə