Azərbaycan ilə Moldova arasında dostluq və qardaşlıq əlaqələri xalqlarımızın rifahına xidmət edir
Moldovanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
SİA-nın xəbərinə görə, Moldovanın Azərbaycandakı səfir İqor Bodiu ölkəsinin 20 il ərzində keçdiyi inkişaf yolundan danışıb. Diplomat bildirib ki, bu müddət ərzində Moldova xalqı qarşısına çıxan çətinliklərin öhdəsindən layiqincə gəlib. Moldova dost ölkə olan Azərbaycan ilə strateji tərəfdaşlıq əlaqələri qurub. Hər iki ölkə bir-birinə möhkəm dostluq və qarşılıqlı hörmət hissləri ilə bağlıdır.
Səfir vurğulayıb ki, Azərbaycan ilə Moldova arasında iqtisadi və enerji əlaqələrinin inkişafı üçün böyük potensial vardır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan diplomat Moldovanın bu problemin tez bir zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlı olduğunu deyib.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin adından Moldova xalqını təbrik edib. Azərbaycan ilə Moldova arasında dostluq və qardaşlıq əlaqələrinin xalqlarımızın rifahına xidmət etdiyini qeyd edən nazir vurğulayıb ki, bu münasibətlər bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir.
Qəbulda dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB