Qədim Qəbələ müasirliyi ilə hamını heyran qoyur - REPORTAJ (FOTOSESSİYA)

Qədim Qəbələ müasirliyi ilə hamını heyran qoyur - REPORTAJ (FOTOSESSİYA)
\"Qəbələ gecələri İsveç gecələrinə bənzəyir. Buranın gözəlliyinə məftunam\". Bu sözləri Qəbələdə olarkən Ulu öndər Heydər Əliyev söyləmişdi. Ulu öndərin Qəbələyə 2002-ci il səfərindən sonra rayonun çiçəklənmə dövrü başlayıb. Qəbələnin gözəlliyinə gözəllik qatmaq üçün rayonun sosial-iqtisadi inkişafı üçün maliyyə ayrılıb.
Qeyd edək ki, ən qədim şəhərlərdən olan Qəbələ IX əsrdə Azərbaycanın paytaxtı olub. Bu diyarın təbii gözəlliyi, əsrarəngiz təbiəti buraya gələnləri valeh edir. Qədim şəhərin qala və giriş darvazalarının, bəzi binalarının qalıqları indi də qalmaqdadır.

Qəbələyə gələnləri buranın təbii gözəlliyi ilə yanaşı həm də, son illər görülən işlər, infrastrukturun yüksək səviyyəyə qaldırılması cəlb edir. Gündən-günə gözəliyinin üstünə gözəllik gələn bu diyar yüksək səviyyəli turizm şəhərinə çevrilib. Hazırda burada yenidənqurma işləri davam edir. Rayonun ən məşhur kəndlərindən olan Vəndamdan başlayaraq Qəbələyə kimi yeniliklər müşahidə olunur. Yaşıllıq içərisində olan rayonda təmir-bərpa işləri aparılsa da buradakı qədimilik qorunub-saxlanılır. Rayonun bütün ərazisi qala divarlarına bənzər şəkildə daşlarla hasara alınıb. Çoxsaylı istirahət mərkəzləri, hotellərin tikilib, parklar salınıb.


Əhalinin işlə təminatı yüksəlib


Qəbələdə yenidən qurulan Heydər Əliyev parkında yerli əhali ilə söhbətləşdik. Rayonda son illər görülən işlərdən ağız dolusu danışan qəbələlilər rayon ərazisində görülən işlərinin bütün ölkə üçün əhəmiyyətli olduğu söylədilər: "Gündən-günə rayonumuza istirahətə gələn həm yerli, həm də xarici turistlərin sayı artır. Qəbələ turistlərdə Azərbaycanın qədimliyi və gözəlliyi ilə bağlı yüksək təəssüratlar yaranır. Rayon günbəgün gözəlləşir. Bu əhalinin də rifahının yaxşılaşmasına xidmət edir. Yeni otellərin, istirahət mərkəzlərinin, istehsal müəssisələrinin sayı artdıqca yerli sakinlərin işlə təminatı yaxşılaşır. Küçələrin, parkların abadlaşdırılması, kəndlərə yeni yollar çəkilməsi Qəbələyə gələnləri heyran edir\".

Qədim Qəbələnin yenilikləri ilə bağlı məlumatı isə rayon icra hakimiyyətindən aldıq. Qurumdan bildirildi ki, Qəbələ rayonu 1930-cu ildə yaradılıb. 1991-ci ilə kimi Qutqaşen adlanıb. Həmin il Ali Sovetin fərmanı ilə rayonun qədim adı - Qəbələ özünə qaytarılıb. Mərkəzi Qəbələ şəhəridir. Əhalisi 94 min nəfərdən çoxdur. Ərazisi 1555 kvadrat kilometrdir. 65 icra, 60 bələdiyyə nümayəndəliyi var. Əhalisi əsasən kənd təsərrüfatı işləri ilə məşğul olur. Rayonda yeni poçt binaları tikilib. Qəbələnin yuxarı hissəsində lunapark salınıb, 5 ulduzlu otellər tikilib. Burada fəaliyyət göstərən konserv zavodunda 160 nəfər işlə təmin edilib. Zavod bütün ölkəni yüksəkkeyfiyyətli təbii şirələrlə təmin edir".

İcra başçısının müavini, mədəniyyət, təhsil, səhiyyə şöbəsinin müdiri Ətayə Osmanova isə bütün respublikada olduğu kimi, Qəbələdə də tikinti-quruculuq sahəsində çox böyük işlər görüldüyünü dedi: \"Regionların inkişafı proqramına uyğun olaraq rayonumuzun abadlaşması bu gün Qəbələyə qonaq gələn hər bir yerli və xarici vətəndaşın diqqətini cəlb edir. Son illər görülən işlərin nəticəsi olaraq 15-ə yaxın turizm obyekti fəaliyyət göstərir. Beynəlxalq səviyyəli qonaqların qarşılanması üçün bütün şəraiti olan istirahət mərkəzləri tikilib. Son illər Qəbələyə kütləvi surətdə həm yerli, həm də xarici qonaqların axını müşahidə olunur. Rayonda qış turizminin inkişafı layihəsi də həyata keçirilir. Belə ki, dağlarda xizək sürmək və digər qış idmanları ilə məşğul olmaq üçün istirahət və əyləncə obyektləri tikilir. Bununla belə, prezidentin sərəncamı ilə hazırda Qəbələdə böyük futbol akademiyası layihəsi həyata keçirilir. Bu, MDB-də ilk futbol akademiyası olacaq və layihə çərçivəsində rayonda 10 stadion tikiləcək. Ən böyük stadionun 10 min nəfər azarkeş tutumu olacaq. Həmçinin yüksək səviyyəli futbolçular hazırlanacaq\".

İcra başçısının müavini otellərdə işləmək üçün xüsusi kadrların hazırlandığını da dedi: \"Bunun üçün xaricdən mütəxəssislər dəvət edilir. Onlar yerli kadrlarla turistlərə xidmət, davranış, xarici dillər və bu kimi qaydaları öyrədirlər\".


Qəbələnin tarixi qorunur


Qəbələyə gəlib rayonun Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkmədən qayıtmaq günah olar. Qəbələ muzeyində qədim diyarın qədimiliyini əks etdirən yüzlərcə eksponat, tarixini əks etdirən nümunələr qorunub saxlanılır. Diqqəti xüsusilə muzeyin giriş qapısı çəkir. Nağıllarda olduğu kimi, muzeyin daşdan hörülən qapısı toxunmaqla açılır.
Bu zaman hasara hörülmüş daş aralanır və muzeyə daxil olursan. Nağıl aləmini xatırladan muzeyə daxil olan kimi Qəbələnin daşyonma sənəti nümunələri ilə rastlaşdıq. Muzeyin kirişində Qəbələnin paytaxt olduğu dövrdəki mənzərəsini əks etdirən maket qoyulub. Burada insan özünü qədim dövrlərdəki kimi hiss edir.
Muzeyin qurucusu və direktoru Xalis Məmmədov burada tarixi və elmi əhəmiyyətlə eksponatların toplandığını dedi: "Muzey 1980-ci ildə yaradılıb. Muzeyin zəngin elmi kitabxanası var. Eksponatların cəmi 1 faizi, yəni 120 əşya yerli əhalidən pul ilə alınıb. Qalan eksponatları isə özümüz toplamışıq və arxeoloji tədqiqatlar nəticəsində aşkarlanıb. Hazırda muzeydə 12 mindən çox tarixi-elmi əhəmiyyətə malik əşya saxlanılır. Bütün bu nümunələr Azərbaycanın, Qəbələnin 2500 illik tarixinin əyani sübutudur.

Otaqları gəzərkən burada 12 əsrə aid olan eksponatlara rast gəldik. Muzeydə qədimdə bitkilərdən dərman hazırlamaq üçün qablar, saxsılar, 16 - 17-ci əsrə aid qəbir daşları da qorunur. Muzeydə həmçinin qədimdə qadınların pal-paltar saxlamaq üçün istifadə etdiyi məxrəcə, xurcuna, gərdək daşına, hanaya, yun darağına, heybəyə, qədim tərəziyə, vələ, mis aşsüzənlərə, çıraqbana və 19-cu əsrə aid qadın kəmərlərinə rast gəldik. Maraqlı eksponatlar sırasında 1951-ci ilə aid patefon və plastinka, qromofon da var. Muzeyin ən çox diqqətçəkən guşəsi isə canlı heyvanların maketləşdirilmiş küçəsidir. Muzey rəhbəri bildirdi ki, burada toplanan heyvan maketlərinin üzərindəki dərilər heyvanların təbii dərisidir.

Muzeydə mərhum prezident Heydər Əliyevin guşəsi də yaradılıb. X. Məmmədov Heydər Əliyevin muzeydə 2002-ci ildə qonaq olduğunu dedi: "Burada Ziya Bünyadov, Budaq Budaqov, Qara Əhmədov və digər akademiklərimiz və tanınmış xarici qonaqlar olub. Ən maraqlı otaqlardan biri də ölkə başçısı İlham Əliyevdir. Prezidentin muzey haqqında fikirlərini oldu otaq xüsusi tərtibatla bəzədilib. Prezidentin əyləşib muzey haqqında xatirə yazdığı kreslo və bu mənzərəni əks etdirən foto xüsusilə diqqəti çəkir.

Qəbələdə olarkən rayonda yüksək səviyyəli beynəlxalq forumların, konfransların keçirildiyini və yüzlərlə xarici qonağın rayonun gözəlliyindən ağız dolusu danışmasının da şahidi olduq.
Bu diyarın indən sonra daha da inkişaf edəcəyinə inanaraq Qəbələdən ayrıldıq.

Bütün xəbərlər Facebook səhifəmizdə