ARDNŞ balansında olan ərazilərdə qanunsuz tikililərin sökülməsinə münasibət bildirib
Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində (Hökməli kəndi yaxınlığında) Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan ərazilərdə qanunsuz tikililər məhkəmə qərarı ilə məhkəmə icraçıları tərəfindən sökülür. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.
Evləri sökülənlərin digər əraziləri köçürülməsi məsələsinə gəlincə N. Quliyev, \"Neft şirkətinə məxsus ərazilərdə sökülən tikililərdə yaşayanların digər yerdə evlə təmin edilməsi və ya köçürülməsi məsələsi Dövlət Neft Şirkətinə aid deyil. Bunların hamısını məhkəmə həll edir. Biz sadəcə olaraq mədən torpaqlarında qanunsuz tikililərlə bağlı məhkəməyə müraciət etmişik. Qalan bütün məsələlər məhkəmənin qərarlarından asılıdır. Çünki biz məhkəmənin çıxardığı qərara qarışa bilmərik".
Qeyd edək ki, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində (Hökməli kəndi yaxınlığında) Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan ərazilərdə qanunsuz tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahələrinin qaytarılması ilə əlaqədar həmin şirkətin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər zamanı bir qrup şəxs Neft Şirkətinin işçilərinə və polis əməkdaşlarına qarşı zor tətbiq edərək, daş və digər əşyalarla onlara xəsarət yetiriblər.
Bu barədə Daxili İşlər Nazirliyi açıqlama yayıb. Nəticədə neft şirkətinin işçilərindən və polis əməkdaşlarından 20 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 5 polis əməkdaşı DİN-in Hospitalına yerləşdirilib.
Faktla əlaqədar Bakı şəhər prokurorluğu tərəfindən Azərbaycan Respublikasının CM-nin 222, 188 və 315-ci maddələri ilə cinayət işi başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB