2011-ci il üçün Həcc ziyarətinə sənəd qəbulu başa çatıb. Bunu SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. Onun sözlərinə görə, bu il üçün ayrılmış bütün yerlər dolub: "Həmin yerlər istər avtobus, istərsə də təyyarədə olan yerlərdir. Artıq 2000 nəfərlik kvota dolub".
Rəhimə Dadaşova onu da vurğulayıb ki, oktyabrın son on günlüyündən başlayaraq zəvvarlar yola düşəcəklər. İlk olaraq sərnişinlər avtobusla, daha sonra isə təyyarə ilə Həcc ziyarətinə gedəcəklər".
Məlumat üçün bildirək ki, 2011-ci il üçün Həcc ziyarətinə sənədlərin qəbulu iyundan başlayıb.
Qeyd edək ki, QMİ Azərbaycan Həcc missiyasının rəhbəri olaraq, Həcc ziyarəti ilə bağlı müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə imzalanmış protokol əsasında həyata keçirir.
2011-ci ildə Azərbaycandan Həcc ziyarətinə ölkəmiz üçün nəzərdə tutulan kvotaya uyğun olaraq, 2 000 zəvvar avtobus və təyyarələrlə müqəddəs məkanlara yola düşəcək.
Ziyarət səfərləri avtobuslarla 2650 manat (keçən il 2500 manat olub), təyyarə ilə səfər edənlər üçün isə 3750 manat (keçən il 3500 manat olub) dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.
Builki yeniliklərdən biri də QMİ-nin Həcc ziyarətinə avtobusla gedəcək azərbaycanlı zəvvarların marşrutunda dəyişiklik etməsidir. Belə ki, illərdə Səudiyyə Ərəbistanına İraqdan daxil olan zəvvarlar bu il Suriyada baş verən hadisələrlə əlaqədar Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcək. Zəvvarlar Həcc ziyarətinə gedərkən və qayıdarkən İraqdakı müqəddəs yerləri, o cümlədən Kərbəlanı da ziyarət edə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB