Elçin Mirzəbəyli: “Yırtıcı balıqlarla savaşmaq əvəzinə, böyük köpək balıqlarının sıradan çıxarmaq daha məqsədəuyğun olardı” - MÜSAHİBƏ

Elçin Mirzəbəyli: “Yırtıcı balıqlarla savaşmaq əvəzinə, böyük köpək balıqlarının sıradan çıxarmaq daha məqsədəuyğun olardı” - MÜSAHİBƏ

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin SİA-ya müsahibəsi

- Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü kimi qeyd olunur. Sizcə, Azərbaycan mətbuatının bugünki durumunu necə qiymətləndirisiniz və jurnalistlər nə dərəcədə həmrəydirlər?

- Azərbaycan mətbuatının inkişafı çox normal formada gedir və bu, addım-addım konseptual formada həyata keçirilir. Bu baxımdan mətbuat işçisi kimi mətbuatın perspektivini ən azı inanmaq, bu istiqamətdə fəaliyyət göstərmək vəzifəm, borcumdur. Bu ümidlə də yaşayırıq ki, mətbuatın ən yüksək səviyyədə olduğu bir zamana gəlib çıxacağıq. Mətbuatın həmrəyliyinə gəlincə, Azərbaycan mediası jurnalistlərin əksər hissəsi prinsipial məsələlərdə həmrəydirlər, bir mövqedə çıxış edirlər. Hesab edirəm ki, kiçicik bir qrupun da haqq yola gəlməsi üçün zaman lazımdır. Ya onlar azad sözün, medianın milli və dövlət maraqlarının mahiyyətini anlayacaq və bu istiqmaətdə fəaliyyətlərini quracaqlar, yada ki Azərbaycan mediasının səhnəsindən gedəcəklər. Həmrəy olmağına həmrəyik, ancaq Azərbaycan mediasının ən üstün cəhəti ondan ibarətdir ki, həmrəng deyil. Fərqli çalarlar, politra rəngləri var. Bu gün də medianın təmsilçilərinə həmrəy olmağı, həmrəng olmamağı arzulayıram.

- Azərbaycan mətbuatı hansı məsələlərdə həmrəy ola bilmir?

- Fərqli, prinsipial məsələlərdə medianın bir-iki qəzet istisna olmaq şərtilə, özünü media nümayəndəsi hesab edən bəzi qruplar istisna olmaq şərtilə əksəriyyət bir çox məsələlərdə fundamental mövqedən çıxış edir. Ancaq siyasi proseslərə baxış müstəvisində fərqli fikirlər, tənqidi yanaşmalar var. Birinin obyektiv tənqidi yanaşdığı bir məsələyə digəri fərqli yanaşa bilər. Mətbuat prinsip etibarı ilə belə də olmalıdır. Ancaq bütün bunlar etik normalar çərçivəsində, insan şəxsiyyətini alçatmadan, ictimai rəyə yanlış məlumatlar ötürmədən obyektiv informasiyalar ətrafında baş verməlidir. Prinsipial olaraq bu istiqamətdə kifayət qədər irəliləyişlər var. Ancaq bundan sonrakı proseslərə nəzər salmaq və mövcud olan neqativ məqamların aradan qalxacağına ümid bəsləyirik.

- Bu günlərdə Prezident Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Azərbaycan mətbuatında mövcud olan bəzi problemlərlə bağlı çıxış edib. Necə düşünürsünüz, belə bir çıxış nədən qaynaqlanıb?

- Bu proseslər Azərbaycan mətbuatında uzun illərdir ki, mövcud olan və özlərini az qala medianın əsas, başlıca təmsilçisi kimi qələmə verməyə çalışan, radikal əhval-ruhiyyənin arxasında gizlənən bir neçə mətbuat orqanına aid olan məsələlərdir. "Azadlıq", "Yeni Müsavat" və adları kimsəyə bəlli olmayan bəzi qəzetlərdir ki, onların beşinci təkəri rolunu oynayırlar. Həmin o mətbuat orqanlarında hər gün eyni adamlar haqqında, bu və ya digər nazirin getməsi,qalması və yaxud kiminsə milyonlarının olması, belə müxtəlif insan xəyalına sığmayan informasiyaların şahidi oluruq. Hər gün eyni məlumatlar dərc olunur. Bu insanların aldığı nəfəs böhtanla, yalanla, faktlara söykənmədən açıqlanan məlumatlardır. Məqsəd də ortalıqdadır. Biz çox vaxt reket jurnalistikaya qarşı mübarizə aparırıq. Ancaq böyük reket jurnalistikaya qarşı mübarizə yadımızdan çıxır. Bu məsələlərin də arxasında ayrı-ayrı siyasi qüvvələrin maraqları və yaxud ayrı-ayrı şəxslərin şəxsi, özəl maraqları dayanır ki, bu da göz qabağındadır. Ona görə də kiçik, yırtıcı balıqlarla savaşmaq əvəzinə, böyük köpək balıqlarının sıradan çıxarmaq daha məqsədəuyğun olardı.

Bütün xəbərlər Facebook səhifəmizdə