Sabir Quliyev: “Baş Mühafizə İdarəsi tərəfindən respublikanın 41 tədris müəssisəsi mühafizə olunacaq” - AÇIQLAMA

Sabir Quliyev: “Baş Mühafizə İdarəsi tərəfindən respublikanın 41 tədris müəssisəsi mühafizə olunacaq” - AÇIQLAMA

Bu il Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi tərəfindən respublikanın 41 tədris müəssisəsi mühafizə olunacaq. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəis müavini, polis polkovniki Sabir Quliyev məlumat verib.

O bildirib ki, mühafizə ediləcək 41 müəssisənin 12-si ali məktəblərin, qalanları isə internat, peşə məktəbi, lisey, orta məktəb, bağça, texnikum, gimnaziyaların payına düşür. Onun sözlərinə görə, hər bir hüquqi şəxs müraciətindən sonra idarə tərəfindən həmin müəssisələr müayinə edilir, sonra da mühafizə postları qurulur.

"Təbii ki, bu proseslər əvvəlcədən müəyyənləşdirilən vəsaitləri, tarifləri ödəmək şərtilə baş tutur. Hər hansı bir müəssisə müraiciət edərsə, müəyyən yoxlamalardan sonra onu yoxlamaya götürürük. Mühafizənin saxlanması üçün tariflər saat hesabıdır və bu, Bakı şəhərində bir cür, respublikanın digər rayonlarında isə başqa cürdür. Bakı şəhərində polis postunun, yəni mühafizənin 1 saatının qiyməti 4 manat 57 qəpikdir. Büdcə təşkilatlarında, məktəblərə isə 10% güzəşt edilir. Postlar müxtəlif cür - 24, 18, 12,8 saatlıq ola bilər. Bu hər kəsin istəyindən asılıdır. Bu saatlara uyğun olaraq ay ərzində saat hesabının nə qədər olduğu hesablanır. Nəticədə ay ərzində hesablanan ümumi məbləğ ödənilir", - deyə rəis müavini S.Quliyev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə