Bahar Muradova: “Dünyada siyasi yolla alınmayan qərarların hərbi yolla almağın mümkünlüyünü göstərən bir çox faktlar var” - MÖVQE

Bahar Muradova: “Dünyada siyasi yolla alınmayan qərarların hərbi yolla almağın mümkünlüyünü göstərən bir çox faktlar var” - MÖVQE

Danışıqlar prosesinin hazırkı vəziyyət əlbəttə ki, hamını narahat edir. SİA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova hakim partiyanın rəsmi saytına açıqlamasında bildirib: "Çünki zaman-zaman ümidimizi hansısa görüşə və bu görüşdə razılığın əldə olunacağına bağlasaq da, bu görüşlər və müzakirələr həmin ümidlərimizin yaxın zamanda doğrulmayacağını göstərən sonluqla başa çatır. Çox təəssüf ki, prezidentlərin son Kazan görüşü də belə oldu. Baxmayaraq ki, bu görüşə qədər əksər ekspertlər Kazan danışıqlarına çox böyük ümidlə baxırdılar. Hər dəfə olduğu kimi bu görüş də erməni tərəfinin qeyri-konstruktivliyini, erməni siyasətinin mahiyyətini ortaya qoydu. Ermənistan hakimiyyətinin bu görüşdən sonrakı hərəkətləri də onu göstərir ki, danışıqlar prosesində onlar ən azı qeyri-səmimidirlər"- deyə, o əlavə edib.

B.Muradova vurğulayıb ki, hadisələr erməni tərəfinin yeritdiyi siyasətin mahiyyətini təşkil edən təcavüzün və onun nəticələrinin, \"status-kvo\"nun qorunub saxlanmasına xidmət edən addımlar atdığını göstərir: "Kazan görüşündən sonra proseslərin gedişi bütün bunları təsdiq edir. Ona görə də, mən danışıqlar prosesinin indiki vəziyyətində nikbin notlar görmürəm. Doğrudur, Azərbaycan tərəfi hesab edir ki, danışıqlar prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun imkanları tam tükənməyib. Beynəlxalq təşkilatlar, o cümlədən, erməni maraqlarını öz siyasətlərində diqqətdə saxlayan dövlətlər prosesə müəyyən təsir göstərə bilərlər. Azərbaycan tərəfi danışıqlar posesinin davam etdirilməsinə maraqlı olduğunu bəyan edib və əməldə də bunu göstərir. Qarşı tərəf isə hər zaman olduğu kimi öz mövqeyində qalmaqda davam edir. Ermənistan tərəfindən danışıqları irəli aparmağa ümid verəcək fikirlər səslənsə də, dərhal ölkə daxilində baş qaldıran təzyiqləri nəzərə alaraq bu təzyiqləri aradan qaldırmağa hesablanmış əks-fikirlər də özünə yer tapır. Ona görə də, bu cür ziddiyyətli mövqelər erməni tərəfinin konstruktiv mövqedə dayanacağına ümidləri öldürür. Amma hər halda Azərbaycan, sadəcə olaraq danışıqlar prosesində iştirak etmir, həm də özünün iqtisadi və hərbi qüdrətini artırır. Gələcəkdə də ölkəmiz bu yöndə işini davam etdirməlidir. Hesab edirəm ki, dünyada siyasi yolla alınmayan qərarları hərbi yolla almağın mümkünlüyünü göstərən bir çox faktlar var. Bu faktlar göstərir ki, artıq dünya ölkələri, beynəlxalq təşkilatlar özünün yaratdığı, qəbul etdiyi beynəlxalq hüquq normaları və prinsiplərini çox zaman güc tətbiqindən arxaya atır. Ona görə mən hesab edirəm ki, Azərbaycan lazım gələndə öz hüququndan istifadəyə hazırlığını daim gücləndirməlidir. Bunu heç kəs başqa cür başa düşməməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə