Ombudsmanın əməkdaşları Xızı rayonunun yerli sakinləri, o cümlədən icmalarla görüşlər keçirib

Ombudsmanın əməkdaşları Xızı rayonunun yerli sakinləri, o cümlədən icmalarla görüşlər keçirib

Bu günlərdə Ombudsmanın Quba Regional Mərkəzinin əməkdaşları Xızı rayonunun Giləzi bələdiyyəsində olub, yerli sakinlər, o cümlədən icmalarla Sülh aylığı çərçivəsində görüş keçiriblər. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, maarifləndirmə tədbirində regional mərkəzin nümayəndələri iştirakçılara əsas insan hüquqlarından ən önəmlisinin yaşamaq hüququ olduğunu, bu hüququn isə yalnız sülh, sabitlik və dinc yanaşı yaşamaq şəraitində təmin olunmasının mümkünlüyünü izah ediblər. Qeyd olunub ki, İnsan Hüquqları üzrə Müvəkkilin hər il davamlı olaraq keçirdiyi hüquqi-maarifləndirmə tədbirlərində ölkə vətəndaşlarının sülh mədəniyyəti təhsilinə yiyələnməsinə, mədəniyyətlərarası, dinlərarası dialoqun qurulmasına diqqəti yönəltdiyi, milli və dini tolerantlığın hökm sürdüyü ölkəmizdə əhalinin, hər bir vətəndaşın sülh mədəniyyətinə yiyələnməsi üçün səylər göstərdiyi diqqətə çatdırılıb.

Ombudsmanın icmalar, o cümlədən dini konfessiyalar arasında ünsiyyətin, dialoqun yaradılmasını, onların imkanlarının artırılmasını, bu istiqamətdə ictimai təşkilatların, vətəndaş cəmiyyətinin resurslarından istifadə olunmasını, "Dinlər – sülh körpüsüdür" şəbəkəsinin təşkilini təklif etdiyi bildirilib. Maarifləndirmə tədbirində həmçinin regional mərkəzin fəaliyyəti, mərkəzə müraciət etmə qaydaları izah olunub, pozulan insan hüquqlarının bərpası istiqamətində məsləhətlər verilib, eyni zamanda müvəkkilə ünvanlanan müraciətlər qəbul edilib.

Tədbirin sonunda ombudsman təsisatında hazırlanan hüquqi nəşrlər və plakatlar iştirakçılara paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə