Aydın Mirzəzadə: “Azərbaycanın müstəqillik tarixi 1993-cü ildən - Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlayıb” - MÜSAHİBƏ (SƏS TV)

Aydın Mirzəzadə: “Azərbaycanın müstəqillik tarixi 1993-cü ildən - Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlayıb” - MÜSAHİBƏ (SƏS TV)

Millət vəkili Aydın Mirzəzadənin SƏS TV-yə müsahibəsi:



- Azərbaycan müstəqilliyinin 20 illik yubileyinin qeyd edilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı Sərəncam dövlət müstəqilliyimizə verilən yüksək dəyərdir. Bu sənədin əhəmiyyətini siz necə xarakterizə edərdiniz?



- Müstəqilliyimizin 20 illiyi ilə bağlı Prezidentin imzaladığı Sərəncamda müstəqilliyimizə yüksək qiymət verilir və onun siyasi əhəmiyyəti bir daha açılır. Ümumilikdə götürsək Sərəncamın imzalanması möhtəşəm tarixə verilən yüksək dəyərdir. Müstəqillik hər bir xalqın nemətidir. Müstəqilliyin qazanılması olduqca çətin prosesdir. Azərbaycan 1991-ci ildə çox çətin bir dönəmdə öz müstəqilliyini qazana bildi. Həmin tarix Azərbaycan xalqının şərəf tarixidir.



- Azərbaycanın müstəqillik əldə etməsinin asan, ancaq onu qoruyub saxlamağın çətin olduğunu 1990-93-cü illərdə cərəyan edən xaos və anarxiyada görmək mümkün oldu. Bəlkə o ağır, ictimai-siyasi proseslərə nəzər yetirəsiniz...



- Nəinki Azərbaycanda, eləcə də digər dövlətlərin müstəqilliyinin qorunub saxlanılması olduqca çətin məsələdir. Bir neçə vacib faktı əsas tutmaq lazımdır ki, onlardan birincisi də quruculuq dövrü ilə yanaşı ərazi bütövlüyünü sual altında qoymaq, yaxud dövlətin inkişafına təsir edən amillər, daxili birliyin olub-olmaması və digər faktlara nəzər salmaq lazımdır. Onu da qeyd edim ki, o zaman hakimiyyətdə olan rəhbərliyin müstəqilliyin nə demək olduğu haqqında zərrə qədər də olsa anlayışı yox idi. Müstəqilliyimizin möhkəmlənməsi və onun uğurunun cəmiyyətə çatdırılmasında onun bir planı da yox idi. Şübhəsiz ki, burada Dağlıq Qarabağ məsələsi rol oynayırdı. Uğurlu siyasət də Dağlıq Qarabağ probleminin müəyyən müstəviyə çıxmasına səbəb ola bilərdi. Müstəqil dövlət rəhbəri olmaq tamamilə başqa keyfiyyətlər tələb edir. Ayaz Mütəllibovdan əvvəl və ondan sonra gələn rəhbərlərin idarəçilik sistemində heç bir fərq yox idi. Heydər Əliyevin hakimiyyətə gəlişi isə önəmli hadisə idi və zamanla mövcud olan problemlər aradan qaldırıldı. Azərbaycanın müstəqillik tarixi faktiki olaraq 1991-ci ildə deyil, 1993-cü ildə - ulu öndərin hakimiyyətə gəlişindən sonra başlayıb. O zamandan bu günə qədər Azərbaycan istər siyasi, istərsə də iqtisadi baxımdan təsəvvür edilə bilməyəcək qədər inkişaf edir. Heydər Əliyev siyasəti onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Müstəqillik hələ birinci addımdır. Sonrakı vacib fakt isə güclü liderin olmasıdır.



- Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsə idi bugünkü güclü Azərbaycan dünya xəritəsində mövcud ola bilərdimi?



- Düşünürəm ki, Azərbaycanın vəziyyəti o zaman çox acınacaqlı olardı. Ən yaxşı halda biz İraqın vəziyyətinə düşə bilərdik. Milli birliyin olmaması, təbii sərvətlərin xalqa məxsus olmaması və digər bu kimi problemləri yaşayardıq. İlk növbədə milli birlikdən söhbət gedə bilməzdi. Formal olaraq müstəqil olsaq da yenə də təbii sərvətlərdən istifadə edə bilməzdik. Müstəqil dövlət kimi olmağımızda, inkişafımızın mövcudluğunda belə məhz Heydər Əliyev dühasına borcluyuq.

Bütün xəbərlər Facebook səhifəmizdə