11-ci Beynəlxalq Pestisid Forumu öz işinə başlayıb

11-ci Beynəlxalq Pestisid Forumu öz işinə başlayıb

Bu gün Qəbələdə 11-ci Beynəlxalq Pestisid Forumu öz işinə başlayıb. SİA-nın məlumatına görə, ayın 9-na kimi davam edəcək forumda 40-dan çox ölkəni təmsil edən 120-dən artıq ekspert iştirak edir. Forum Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Beynəlxalq Restsisidlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilir.


Forum iştirakcılarını salamlayan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov qonaqlara Azərbaycanın ekoloji durumu, görülən və görülməsi nəzərdə tutulan işlərlə bağlı məlumat verib: "Ölkənin aktual ekoloji problemlərinin davamlı inkişafı prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən səmərəli istifadəsi məsələləri ölkədə aparılan sosial-iqtisadi islahatlar mühüm yer tutur".


Nazir forumun əhəmiyyətini də qeyd edib: "Davamlı üzvi çirkləndiricilərin insan orqanizmində toplanması xüsusiyyətini və bu səbəbdən də bir çox xəstəliklərin yaranmasını nəzərə alaraq hesab edirəm ki, pestisidlər barədə əhalinin maarıfləndirilməsi, həmçinin, kimyəvi maddələr saxlanılmış bazalar və anbarların yerləşdiyi torpaqların təmizlənməsi istiqamətində tədbirlərin davam etdirilməsi olduqca əhəmiyyətlidir. Artıq 11-ci dəfə kecirilən forumun iştirakcılarının sayının artması ona olan marağın artmasından xəbər verir. Hesab edirəm ki, belə əlaqələndirici görüşlər, əldə edilmiş təcrübənin bölüşdürülməsi problemin aradan qaldırılmasına müsbət təsir göstərəcək. Beynəlxalq Pestisid Forumu Davamlı Üzvi Çirkləndiricilər, köhnəlmiş pestisidlər və təhlükəli kimyəvi tullantılar üzrə layihələrin həyata keçirilməsində maraqlı olan tərəflər arasında müzakirələrin aparılması üçün platforma yaradacaq".


Qeyd edək ki, forumda Niderland Krallığı, Azərbaycan Respublikası Kənd Təssərrüfatı Nazirliyi, Davamlı Üzvi Çirkləndiricilərə dair Mərkəzi və Şərqi Avropa Regional Mərkəzi (RECETOX), Çexiyanın Brno şəhərinin Masarik Universiteti və Almaniyanın Federal Ətraf Mühit Agentliyinin (UBA) dəstəyi ilə keçirilir.


MİRVARİ


Bütün xəbərlər Facebook səhifəmizdə