Ağcabədidə məcburi köçkünlər üçün çoxmərtəbəli binaların inşasına başlanıb
Yaşayış evlərinin bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Ağcabədi rayonun baş memarı İbrahim Həsənovun SIA-nın Qarabağ bürosuna verdiyi məlumata görə, binalar hazır olduqdan sonra bura rayonun müxtəlif yerlərində məskunlaşmış qaçqın rayonların sakinlərinin köçürülməsi nəzərdə tutulub.
Ağcabədidə inşa olunan yeni çoxmərtəbəli binalar üçün ayrılan torpaq sahəsi şəhər mərkəzinin lap yaxınlığındadır. 556 ailəlinin yaşaması üçün burada 10 beş mərtəbəli binanın təməli qoyulub. Hazırda tikinti işlərinə 300 nəfərdən çox işçi cəlb olunub. Bu rəqəmin qısa müddətdə 3000 nəfərədək çatması gözlənilir. Qəsəbələrdə məcburi köçkünlərin rahatlığı üçün məktəblər, uşaq bağçaları, ambulatoriya şöbəsi, poçt və digər sosial-inzibati binalar inşa olunub.
İbrahim Həsənovun sözlərinə görə, yeni binalarda fin evlərdə məskunlaşmış köçkün ailələrlə yanaşı, həm də rayonun təhsil ocaqlarında yerləşən ailələr də köçürüləcək ki, bu da elm ocaqlarının fəaliyyətinin yaxşılaşmasına təsir göstərəcək. Ümumilikdə isə 2 min 384 nəfər köçkünün yaşayış şəraiti yaxşılaşdırılacaq. Bütün bunlar həm də məcburi köçkün ailələri üçün yeni iş yerləri deməkdir.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB