Yas mərasimlərinin xərcləri toy təmtəraqlarını arxada qoyur - ARAŞDIRMA

Yas mərasimlərinin xərcləri toy təmtəraqlarını arxada qoyur - ARAŞDIRMA
Artıq heç kimə sirr deyil ki, ölkədə keçirilən yas mərasimləri öz təmtərağına görə toy şənliklərində təşkil edilən mərasimləri arxada qoyub. Bu barədə Azərbaycan mətbuatında dəfələrlə mövzular qeyd olunub, bunun nə qədər düzgün, yaxud yanlış olması haqqında ictimaiyyətə bilgilər verilib.

Yas mərasiminə gedənlər sonradan harada olduqlarını unudurlar

Yas mərasimlərində bəzən süfrəyə o qədər təamlar düzülür ki, ora gedən insanlar hətta yas məclisinə nə məqsədlə gəldiklərini belə unudurlar. Mərhumun ruhuna dua oxumaqdansa, fikir yayınır ehsan süfrəsindəki dəbdəbəyə. İndi Qafqaz Müsəlmanları İdarəsi yas mərasimlərinin keçirilməsi ilə bağlı əməli addımlar atmağa başlayır. Naxçıvanın timsalında artıq müsbət təcrübə də mövcuddur. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası bəyan edib ki, Azərbaycanda yas mərasimlərinin dəbdəbəli keçirilməsi İslam qanunlarına ziddir. Əslində təziyə mərasimləri çox sadə keçirilməlidir. Halva, xurma və çay zaman-zaman ehsan süfrəsi üçün əsas şərtlərdən olub. Təəssüf ki, bu gün belə sadə süfrələrlə çox nadir hallarda rastlaşırsan. Yası düşən hər bir kəs çalışır ki, onun ehsan süfrəsi yasa gələnlərin qeybət predmetinə çevrilməsin.
Qeyd edək ki, yas mərasimlərində xüsusilə daha imkanlı ailələrin istifadə etdiyi VİP çadırların quraşdırılma qiyməti 2 min manatla 5 min manat arasında dəyişir. Təbii ki, yası düşən şəxsin arzu və istəkləri də burada nəzərə alınır. Ehsanda hansı yeməklər veriləcək, nə içiləcək, meyvələrdən nə olacaq və s.

Baş daşılarının quraşdırılması özü ağırlığında qiymətə başa gəlir

Mütəxəssislər deyir ki, minlərlə manata başa gələn parfil, qranit və mərmərdən quraşdırılan baş daşlarının ömrü uzun olur, yəni onlar min illərlə qalır və xarab olmur. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Sabir Həsənli isə deyir ki, dinimiz başqa şey buyurur: \"Müsəlmanın qəbri itməlidir. Qəbir daşlarının quraşdırılması elə özü ağırlığında da qiymətə başa gəlir. Qəbir daşlarının qiyməti keyfiyyətindən asılı olaraq 50 min manatdan 8 min manat arasında dəyişir\".
\"Əyalətdə vəziyyət bir az başqadır, xərc şəhərdəki kimi böyük deyil. Amma Bakı kimi böyük şəhərlərdə heç kəsə sirr deyil ki, insanlar dünyasını dəyişmiş yaxınını dəfn etmək üçün mütləq gedib qəbristanlıqdan yer almalıdır. Hətta ailə üzvünü, yaxınını itirmiş bəzi insanlar yas mərasimlərindən sonra çox böyük məbləğdə borca düşür. Sonra o borcu qaytarmaqdan ötrü əziyyət çəkir\".

Avtomobil qiymətinə məzar yerləri

Şəhərin bəzi qəbristanlıqlarında məzar yeri almaq mənzil, avtomobil almaqdan bahadır. Əvvəllər bu problem elə də ciddi olmasa da, bu gün çox qabarıq şəkildə özünü göstərir. O da bəllidir ki, bütün qeyd edilən problemlər \"əldəqayırma\" mollalar tərəfindən yaradılır. Mərhumların yuyulmasına görə pul alınması və qəbir yerinin pulla satılması islam dininin tələbinə ziddir. Bir qrup işbazlar isə əlbir olaraq, Azərbaycanda yas mərasimlərinin təşkilini, keçirilməsini qanunsuz biznesə çevirməyə cəhds göstərir. İctimaiyyət isə inanır ki, bu cür arzuolunmaz hallar tezliklə aradan qaldırılacaq və belə işbazlar müvafiq orqanlar tərəfindən öz qiymətlərini alacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə