Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Quba rayonuna səfər edib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, o, səfər zamanı Quba Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşüb, regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, bu rayonda aparılan abadlıq-quruculuq işləri, insan hüquqlarının təmini vəziyyəti ilə tanış olub.
Ombudsmana Qubada aparılan yenidənqurma işlərinin uğurla davam etdirilməsi, ölkə prezidentinin tövsiyəsi ilə keçirilən Turizm İli çərçivəsində rayonun turizm mərkəzinə çevrilməsi məqsədilə yeni istirahət mərkəzlərinin yaradılması barədə məlumat verilib. Müvəkkil icra başçısı ilə birgə Quba şəhərində tikinti işləri yekunlaşan Heydər Əliyev adına Mərkəzdə, Nizami Gəncəvi adına Parkda, Quba rayon Mərkəzi Xəstəxanasında və Perenatal Mərkəzdə olub. O, müasir tibb avadanlığı ilə təchiz olunan bu səhiyyə müəssisələrindəki müayinə və müalicə kabinetlərinə baxıb, rəhbərlik, tibb personalı və pasientlərlə görüşüb, problemləri ilə maraqlanıb, tövsiyələrini verib.
E.Süleymanova yeni tikilən Şahmat Məktəbində də olub, yarış zalına baxıb. Qeyd olunmalıdır ki, müasir kompüter texnologiyaları və internetlə təmin olunan bu məktəb öz yetirmələrinə dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq şahmat turnirləri barədə bilgilər əldə etmək imkanı yaradır. Müvəkkil Təhsil Nazirliyinin şahmat məktəbləri yetirmələri arasında keçirilmiş respublika yarışında birinci yer tutan bu məktəbin gənc şahmatçılarını təbrik edib, xoş arzularını bildirib. Ombudsman Quba şəhərindəki Xüsusi Peşə Məktəbinə baxış keçirmiş, pedaqoji kollektivlə və burada təlim-tərbiyə alan uşaqlarla ətraflı söhbət aparıb. O, uşaqların saxlanılma şəraiti, təhsili və peşələrə yiyələnməsi, qida rejimi, fiziki inkişafı və asudə vaxtlarının keçirilməsi vəziyyətini öyrənib.
E.Süleymanova Ombudsmanın Quba Regional Mərkəzinə gedərək, müraciət edən vətəndaşların qəbulu vəziyyəti, yerlərdə insan hüquqları sahəsində aparılan maarifləndirmə işi ilə tanış olub. Müvəkkilin təşəbbüsü ilə bu il avqustun 21-dən sentyabrın 21-dək elan edilib və uğurla davam edən Sülh aylığı çərçivəsində silsilə tədbirlərin təşkili, əhali ilə yerlərdə görüşlərin, geniş maarifləndirmə işi aparılmasının zəruriliyi ilə bağlı regional mərkəzin əməkdaşlarına tövsiyələr verilib. E.Süleymanova İcra başçısı ilə birgə əsaslı təmiri davam etdirilən regional mərkəzin binasında aparılan işlərin vəziyyəti ilə tanış olub, müvafiq tapşırıqlar verib.
Müvəkkil səfər çərçivəsində Quba Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB