“Dünya Gənclər Festivalı – Azərbaycanı tanı” adlı beynəlxalq festival təşkil olunacaq
Daha öncə də qeyd etdiyimiz kimi, 15-20 oktyabr 2011-ci il tarixləri arasında Azərbaycanın ən qədim şəhərlərindən biri olan Gəncədə keçiriləcək Nizami günləri çərçivəsində "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı ilə "Dünya Gənclər Festivalı – Azərbaycanı tanı" adlı beynəlxalq festival təşkil olunacaq. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, Dünya Gənclər Festivalına dünyanın 50-dən çox ölkəsindən 100 nəfər gənc qatılacaq.
Təşkilatçıların verdiyi məlumata görə festivalın rəsmi e-mail ünvanına artıq 1000-dən çox ərizə daxil olub.
Layihənin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirərək Azərbaycan mədəniyyətini, adət ənənələrini, zəngin tarixini təbliğ etmək və dünyaya sülh və birlik mesajı verməkdən ibarətdir.
Dünya Gənclər Festivalında aşağıdakı 3 panel üzrə müzakirələr aparılacaq:
1. Münaqişələrin həlli və sülh quruculuğunda gənclərin rolu – Bu mövzu haqqında olacaq seminarların əsas məqsədi gənc liderləri sülh yolu ilə münaqişələrin həllinə təşviq etmək və birgə dialoqa cəlb etməkdir.
2. Gənclər siyasəti – Beynəlxalq təcrübə göstərir ki, gənclər siyasəti o zaman daha çox effektiv olur ki, gənclər təkcə faydalanan qismində deyil, həmçinin icraçı qismində çıxış edirlər.
3. İncəsənət, idman və mədəniyyət – bu sahələrdə fəaliyyət göstərən gənclər müəyyən təkliflərlə çıxış edərək müsbət dəyişikliyə təşəbbüs göstərəcəklər.
Dünya Gənclər Festivalı bu ildən etibarən hər 2 ildən bir Azərbaycanın müxtəlif bölgəsində keçiriləcək. Təşkilatçılar əminliklə festivalın olduqca rəngarəng və maraqlı olacağı söyləyirlər.
Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, "Gələcəyə Körpü" İctimai Birliyi, "Youth for Exchange and Understanding" beynəlxalq təşkilatı, Türkiyənin "E- Gençlik" təşkilatı, AIESEC Azerbaijan və Bakcell şirkəti layihənin rəsmi tərəfdaşlarıdır.
Ətraflı məlumat üçün www.worldyouthfestival.az saytına daxil ola bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB