Azərbaycanda günəş batareyaları istehsal edəcək zavod ilin sonuna kimi istifadəyə veriləcək

Azərbaycanda günəş batareyaları istehsal edəcək zavod ilin sonuna kimi istifadəyə veriləcək

Sumqayıtda günəş batareyaları və LED lampa istehsal edən zavodun 2011-ci ilin sonuna kimi tikilib təhvil verilməsi planlaşdırılır. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Sənaye və Energetika Nazirliyinin (SEN) Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov deyib.

Yeni zavodun gücü ildə ümumi gücü 25 MVt olan 100 min ədəd fotoelektrik modul və 1 milyon enerjiyə qənaət edən lampa istehsalıdır.

Cəmil Məlikov həmçinin Qobustan rayonunda eksperimental poliqon və tədris mərkəzinin yaxın günlərdə istifadəyə veriləcəyini də bildirib: "Qobustan eksperimental poliqonu və tədris mərkəzinin istifadəyə verilməsi nəinki rayonun ekoloji cəhətdən təmiz və dayanıqlı enerji ilə təmin olunmasına imkan yaradacaq, həmçinin bölgənin sənaye potensialının yüksəlməsinə, sosial-iqtisadi inkişafına təsir göstərəcək".

Qeyd edək ki, otuz hektar ərazidə salınan poliqonda 2,7 meqavat gücündə külək elektrik stansiyası, 1,6 meqavat gücündə bioqaz stansiyası, 0,75 meqavat gücündə geotermik-istilik stansiyası qurulacaq və xüsusi anqarlar tikiləcək. İşlərin avqust-sentyabr aylarında başa çatdırılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə