Tədris ili yaxınlaşdıqca dükan və bazarlarda məktəb ləvazimatlarının satışı artır. Hazırda ticarət mərkəzlərində müxtəlif çeşiddə məktəbli ləvazimatı tapmaq mümkündür. Tələbin artması bazarda qiymətlər kəllə-çarxa çıxmasına səbəb olub.
Məktəbli bazarlığı neçəyə başa gəlməsi ilə apardığımız müşahidələrin sonu olaraq məlum oldu ki, bir övladını məktəbə yola salan valideynlərə ən azı 200-250 manat, 2 uşaq məktəbə göndərəcək valideynlərə 400 manata yaxın pul lazımdır. Üç və daha artıq övladını məktəbə göndərməyə hazırlaşanların isə xərcləyəcəyi məbləğ bundan iki dəfə çoxdur.
Hələ yaxşı ki, dövlət orta məktəb şagirdlərinin dərslik yükünü öz üzərinə götürüb. Yoxsa qiymətlər bundan da artıq ola bilərdi...
Ümid metrostansiyaların keçidinə qalıb...
Vəziyyətdən məharətlə istifadə edən ticarətçilərin üzləri gülür. Apardığımız sorğu zamanı sentyabr ayı başlayandan bəri alış-verişin xeyli yaxşılaşdığını dedilər.
Alıcıların isə qiymətlərlə maraqlandıqdan sonra başlarını bulamaqdan başqaları çarələri qalmır.
Onu da deyək ki, qiymətlər mağazaların yerindən, "prestij"indən və məhsulların keyfiyyətindən asılı olaraq dəyişir. Məsələn, \"Elmlər Akademiyası\" metrostansiyasının çıxışında məktəb və ofis ləvazimatlarının satışı ilə məşğul olan mağazada qiymətlər "od tutub yanır" desək yanılmarıq. Burada məktəbli çantalarının qiyməti 35-130 manat arasında dəyişir. Adi məktəbli dəftərinin qiyməti 4-6 manat, albom 3 manat, Sinifdənxaric oxu kitablarının qiyməti 6-10 manatdır. Burada ən ucuz məktəb ləvazimatı qələmdir - 20 qəpik. "Nil" mağazasında qiymətlər oxşardır. Satıcılar bahalığın səbəbini mağazalarda tanınmış firmaların məhsullarının satılması ilə izah etdilər. Hazırda mağazalarda nisbətən ucuz qiymətə ötən ildən qalan məktəbli ləvazimatları satılır. Məsələn, ötən il
50 manata satılan çantalar 30 manata almaq mümkündür.
Metrostansiyaların giriş və çıxışlarında da şıdırğı alver gedir. Burada məktəb ləvazimatlarının qiyməti digər mağazalardan ucuz olsa alıcıları məhsulun keyfiyyəti qane etmir. Öyrəndik ki, məktəbli qızlar üçün ağ köynək 6-10, oğlanlar üçün 7-12 manat, dəsmal, corab - 1 manat, 1 manat 50 qəpik, 18 vərəqli dəftərlər 10-15 qəpik, qələm – 20 qəpik, rəngli karandaş – 50 - 80 qəpik, flamaster – 2-3 manat, rəsm albomu - 4 manat, kley – 80 qəpik, gündəlik 60 qəpik, xətkeş 80 qəpik, plastilin 2 manatdır. Metro keçidlərində çantalar isə 20-30 manat arasındadır. Buradan bir uşağın məktəb bazarlığı üçün 50-100 manata yaxın pul lazımdır. Bu xərclərin üzərinə 45 manatlıq məktəbli formasını və 20-30 manatlıq ayaqqabını da əlavə etsək məktəblinin daha ucuz məhsullarla təminatı üçün 120-150 manata yaxın pul tələb olunur.
Keyfiyyət aşağı qiymətlər bahadır
Övladı üçün məktəb bazarlığı edən valideynlər isə satıcıları insafsızlıqda qınamaqdan başqa əllərindən bir şey gəlmədiyini dedilər. Bu il iki uşaq məktəbə yola salacaq Səbinə xanım deyir ki, son iki gün ərzində 300 manata yaxın pul xərcləsə də hələ alınası çox şeylər var deyir: "Keyfiyyətə görə, məktəb ləvazimatı satılan mağazalardan bazarlıq etmişəm. Orda qiymətlər çox baha olduğundan məcbur olub qalan şeyləri metrostansiyalarının keçidindən almağı qərara aldım. Ancaq bura da qiymətlər əvvəlki günlərlə müqayisədə bahadır. Ticarətçilər görürlər ki, məktəb ləvazimatlarına tələbat artıb bir qəpikdə olsa endirim etmirlər. İmkanı olmayan ailələri heç kim başa düşmək istəmir"
Digər bir valideyn isə dəftər-kitabla dolu olan sumkasını göstərərək "baxın bunlara 100 manat xərcləmişəm, amma demək olar ki, hələ heç nə almamışam" deyərək narazılıq etdi: "İki uşağım məktəbə gedəcək ona görə hər şeydən ikisini almalıyam. Çalışıram nisbətən ucuz mallar alım. Bir sözlə keyfiyyət aşağı qiymətlər isə bahadır. Hamı övladına yaxşı şeylər almaq istəyir. Ancaq indiki maaşlarla bunları etmək mümkün deyil. Yazıq valideynlər bilmirlər neyləsinlər".
Bahalaşmaya qarşı tədbir görülür
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi (ASİHM) Dövlət Xidmətindən isə bildirildi ki, Bakıda və Azərbaycanın regionlarında uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətləri ilə bağlı monitorinqlər keçirilir: "Yoxlamaların aparılmasında məqsəd yeni dərs ilinin yaxınlaşması ilə əlaqədar uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətinin süni şəkildə artırılmasının qarşısını almaqdır. Monitorinq zamanı süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək".
ASİHM bu cür hallarla rastlaşanları 498-15-01, 498-15-04 telefonlarla qurumda fəaliyyət göstərən qaynat xətt nömrələrinə müraciət etməyə çağırdı.
İqtisadi İnkişaf Nazirliyi isə qiymətlərin kəllə-çarxa çıxması ilə bağlı narahatlığa əsas görmür. Nazirliyin mətbuat xidmətindən verilən məlumata istinadən, artıq sözügedən qurumun Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bazarlarda monitorinqlərə başlayıb: \"Yeni dərs ilinin başlanması ilə əlaqədar uşaq geyimləri və məktəbli ləvazimatlarının süni qiymət artımlarının qarşısının alınması məqsədilə Bakıda və regionlarda yoxlamalar keçirilir. Monitorinqlər zamanı süni qiymət artımına yol verən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək. İstehlakçılardan uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətlərində müşahidə etdikləri qiymət artımları barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur\".
Düzdür, artıq 3-cü ildir ki, dövlət bütün orta məktəb şagirdlərinin dərslik yükünü öz üzərinə götürməklə valideynlərin dərs ili ərəfəsi çəkdikləri xərci xeyli azaldıb. Amma müşahidələr zamanı valideynlərin bəzi kitabları aldıqlarını gördük. Onlar daha çox orta məktəblər üçün ingilis dili, ədəbiyyat və sair kitabların qiyməti ilə maraqlanırdılar.
F.Şahbazlı əlavə dərs vəsaitlərindən əsasən xarici dil, ədəbiyyat, riyaziyyat və s. fənlərin tədrisində istifadə olunduğunu dedi.
Yəqin, bu dərs ilinin ən yaddaqalan hadisəsi məktəblərin xüsusi formaya keçməsi olacaq. Həmişə formanın əleyhinə olan təhsil naziri Misir Mərdanov bu barədə artıq xüsusi əmr imzalayıb. Amma dərs ilinin başlanmasına az vaxt qalsa da, hələ də əksər məktəblərdə bu iş lazımi səviyyədə təşkil olunmayıb.
Valideynlərlə söhbət zamanı öyrəndik ki, hər bir məktəbdə forma üçün müxtəlif qiymətlər tələb olunur. Əsasən qiymətin 30-50 manat arasında olduğu bildirilir. Məsələn, övladı 164 saylı məktəbdə oxuyan valideyn Sənubər Mehdiyevanın sözlərinə görə, onlardan məktəbli forması üçün 50 manat pul istəyiblər. Forma ilə bağlı valideynləri narazı salan daha bir səbəb isə bəzi məktəblərdə artıq təqdimatı keçirilən məktəbli geyimlərinin hazırlandığı parçanın təbii deyil, sintetik tərkibli süni liflərdən olmasıdır.
Beləliklə, \"Bilik günü\"nə çox az vaxt qalsa da, hələ ki, vahid məktəbli formasına keçmək üçün vahid fikrə gələn yoxdur. Yaxşı olardı ki, Təhsil Nazirliyi bu addımı atmazdan əvvəl ölkə üzrə ümumi rəy sorğusu keçirib şagirdlərin, valideynlərin fikrini öyrənəydi. Yalnız bundan sonra tanınmış modelyerləri bu işə cəlb etməklə ölkə məktəbliləri üçün ilk milli formaların hazırlanmasına başlamaq olardı.
Keçək valideynlərin \"yaralı yeri\" olan məktəb bazarlığına. Xatırladaq ki, əvvəllər hər yeni tədris ili ərəfəsində Bakıda məktəb yarmarkaları açılardı. Ölkənin müxtəlif rayonlarından valideyn və şagirdlər bu yarmarkalara məktəb bazarlığına gəlirdilər. Yarmarkalarda həm çeşid çox idi, həm də qiymətlər nisbətən aşağı olurdu. İndi ölkədə xüsusi məktəbli yarmarkaları təşkil olunmasa da, həm paytaxt, həm də rayonlarda bazar-dükandan məktəbli üçün lazım olan bütün ləvazimatları tapmaq mümkündür. Təki valideynlərin cibində övladlarının istəyini reallaşdıra biləcək pul olsun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB