Cəzaçəkmə müəssisələrində məhkumlar və müəssisə əməkdaşları üçün psixoloji seminarların keçirilir

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi Avropa Şurası, Avropa Gənclər Fondunun dəstəyi ilə "Gənc Məhkumlara Psixoloji Dəstək" layihəsinin icrasına başlanılıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, 3 ay müddətinə davam edəcək layihənin əsas məqsədi gənc psixoloqların penitensiar psixologiya sahəsində hazırlanması və gənc məhkumların psixoloji reabilitasiyası işinin həyata keçirməsindən ibarətdir.

Layihə çərçivəsində 2 istiqamətdə iş aparılır. İlk olaraq 20 nəfər gənc psixoloq üçün penitensiar psixologiya üzrə xüsusi təlim kursları təşkil edilib. İkinci istiqamət olaraq cəzaçəkmə müəssisələrində məhkumlar və müəssisə əməkdaşları üçün psixoloji seminarların keçirilməsinə başlanılıb. "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi 4, 6, 10, 11 saylı cəzaçəkmə müəssisələrində və Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində psixoloji seminarları təşkil edib. Layihənin icra planı üzrə Penitensiar Xidmətin tabeçiliyində olan daha 5 müəssisədə seminarlar keçiriləcəkdir.

Layihənin yekunu olaraq "Gənc məhkumlarla psixoloji işin təşkili" mövzusunda Dəyirmi Masa keçiriləcəkdir. Tədbirdə gənc məhkumların psixoloji yardım almaq hüquqlarının təminatı vəziyyəti, layihənin yekunları müzakirə ediləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə