Azərbaycanın ədliyyə naziri AŞ PA-nın komitə sədri ilə görüşüb

Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyası Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Purqurides və komitənin üzvü Elza Papadimitriu ilə görüşüb.

Ədliyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, Azərbaycanın Avropa Şurası ilə sıx əməkdaşlıq etdiyini bildirən nazir ölkədə insan hüquqlarının etibarlı qorunmasına xidmət edən genişmiqyaslı islahatlardan danışıb, məhkəmə sisteminin müasirləşdirilməsi, vətəndaş-dövlət münasibətlərində mühüm rolu olan inzibati məhkəmələrin yaradılması, habelə ədliyyə, o cümlədən penitensiar sistemin təkmilləşdirilməsi üzrə görülən işlər barədə məlumat verib.

Qonaqlar son 5-6 ildə ölkəmizdə müxtəlif sahələrdə qazanılmış böyük nailiyyətləri təqdir edib, Azərbaycanın müsbət demokratik dəyişikliklərə görə qonşu dövlətlərdən xeyli irəlidə olduğunu vurğulayıblar.

Görüşdə həmçinin, penitensiar infrastrukturun müasirləşdirilməsi, insan hüquqlarının etibarlı təminatı, ədliyyə işçilərinin treninqi və digər maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Səfər zamanı qonaqlar beynəlxalq tələblər səviyyəsində inşa olunmuş müasir tipli Bakı istintaq təcridxanasına baş çəkib, məhkumların saxlanma şəraiti, onlara göstərilən tibb xidmətləri və ərzaq təminatı ilə yaxından tanış olaraq yüksək qiymətləndiriblər.

Bundan başqa, Purqurides və Papadimitriu penitensiar sistemin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvləri ilə görüşüblər. Söhbət zamanı İctimai Komitənin fəaliyyəti ilə maraqlanılıb, geniş müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə